2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri Azərbaycanda siyasi sistemin daha da gücləndirilməsinə, bu günə qədər həyata keçirilən islahatların sürətlə davam etdirilməsinə imkan yaradacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanın müstəqillik tarixində seçkilərin ilk dəfə bütün ölkə ərazisində keçirilməsi bu siyasi hadisənin əhəmiyyətini artıran və indiyə qədər keçirilmiş bütün digər seçkilərdən fərqləndirən başlıca amildir.
S.Məmmədov vurğulayıb ki, dünya düzəninin dəyişməkdə olduğu, beynəlxalq münasibətlər sistemində kifayət qədər ciddi yeniliklərin baş verdiyi indiki məqamda Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Vətən müharibəsindən və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərindən sonra yaranmış reallıqlar fonunda meydana çıxan yeni çağırışlar və ölkəmizin qarşısında duran vəzifələr növbədənkənar seçkilərin keçirilməsi zərurətini yaradıb. Bu seçkilər Azərbaycan xalqının həmrəyliyini, birliyini növbəti dəfə nümayiş etdirəcək, cəmiyyətlə dövlət arasında formalaşmış qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edəcək. Keçiriləcək seçkilərin nəticələri xalqımızın gələcək haqqında gözləntilərini ifadə etməklə yanaşı, həm də dünya ictimaiyyətinə vacib mesaj verəcək.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilmiş tarixi uğurlar Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Bu uğurlar müasir geosiyasi proseslər kontekstində indiyə qədər həyata keçirilmiş siyasətin dəqiq hesablamalara əsaslandığını bir daha təsdiqləyir.
“İndi Azərbaycanın qarşısında işğaldan azad olunmuş ərazilərin bərpası, məcburi köçkünlərin öz evlərinə qayıtması kimi son dərəcə ciddi siyasi, iqtisadi, eyni zamanda, mənəvi-psixoloji əhəmiyyətə malik məsələlər dayanır. Qarabağ iqtisadi rayonunun yaşıl enerji zonasına çevrilməsi istiqamətində atılan addımlar, reallaşdırılan unikal layihələr gələcəyə hesablanmış strategiyanın elementləridir. Bununla paralel olaraq, qeyd etdiyim kimi, dünyada baş verən proseslər fonunda yeni geosiyasi çağırışlar meydana çıxır. Azərbaycan öz ərazi bütövlüyünü yeni dünya nizamının formalaşdığı, beynəlxalq münasibətlər sistemində risklərin son dərəcə yüksək olduğu mürəkkəb bir dövrdə təmin edib. Azərbaycanın nə qədər güclü dövlət olduğunu, nə qədər mükəmməl və düşünülmüş siyasət həyata keçirdiyini təsdiq edən əsas amillərdən biri də elə bundan ibarətdir”, – deyə Soltan Məmmədov əlavə edib.
O bildirib ki, növbədənkənar Prezident seçkiləri ölkənin ictimai-siyasi həyatında çox mühüm hadisə olacaq və qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsini təmin edəcək.