Son üç ildə məktəblərdə aparılmış monitorinqlər 300 min şagirdi və 18 min müəllimi əhatə edib.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev “Ümumi təhsildə davamlı keyfiyyət təminatı” mövzusunda beynəlxalq elmi-praktik konfransda söyləyib. O bildirib ki, aparılan monitorinqlər ümumilikdə 248 məktəbi əhatə edib.
“Monitorinqlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi üzrə 181, Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 23, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 14, Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə 7, Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 7, Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 4, Şirvan Salyan Regional Təhsil İdarəsi üzrə 2, Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə 1 məktəbi əhatə edib. Bu ilin sonunadək monitorinq aparılacaq dərs sayının 9 minə çatdırılması hədəflənir.
Hazırda Elm və Təhsil Nazirliyində 8 min dərs saatının dinlənilməsinə dair data var. Yaxın müddətdə dərs dinləmələrinin təhlilinin aparılmasını və bunun əsasında təkmilləşdirməyə dair qərarların verilməsini hədəfləmişik”, – deyə Elnur Əliyev qeyd edib.
Agentlik rəsmisi valideynlər və şagirdlər arasında daimi olaraq sorğular aparıldığını bildirib: “Məktəblərdə müəllimlərin, valideynlərin, məktəb direktorlarının və şagirdlərin fikiriləri öyrənilərək buna uyğun hesabatlar hazırlanır. Məktəb monitorinqlərinin ardınca məktəbin inkişafına yönəlmiş dəstəklə inkişafa nail olunmasına çalışılır. Aparılmış təhlillər bir sıra vacib məqamları göstərir. Bunlardan bir neçəsini diqqətə çatdırmaq istəyirəm. Uğurlu və yaxşı nəticə əldə edən məktəblərdə ən çox diqqət çəkən məqam idarəetmənin yüksək səviyyədə olması ilə bağlıdır. Məlum olub ki, həmin məktəblərin direktorları etdikləri işləri davamlı və ardıcıl həyata keçirirlər. Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru son 20 ilin şagird nəticələrinin təhlilini, məktəbin fəaliyyət planını təqdim edə bilir. Müşahidə də onu göstərir ki, məktəb idarəetməsi şagird nəticələrinə təsir göstərir”.