Avropa İttifaqı “İslam Dövləti” terror qruplaşmasının yaraqlılarının ailələri ilə birlikdə Suriyanın şimalındakı düşərgələrdə saxlanmasını maliyyələşdirmək niyyətindədir. Bu barədə “Der Spiegel” jurnalı öz mənbələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Avropa Xarici Fəaliyyət Xidməti aprelin 30-da keçirdiyi iclasda ABŞ qüvvələrinin regiondan tədricən çıxarılması və Vaşinqtonun maliyyə yardımının azaldılması səbəbindən düşərgələrin təhlükəsizliyinin təhdid altında olduğu barədə xəbərdarlıq edib. Nəşr qeyd edir ki, El Hol və Rojun böyük qaçqın düşərgələrində Avropadan olan çoxlu ekstremistlər yaşayır.
Aİ-nin Terrorla Mübarizə Komissarı Bartjan Veqter iclasda təhlükəsizlik sisteminin nəyin bahasına olursa olsun çökməsinin qarşısının alınmasının vacib olduğunu bildirib. Hələlik bunu “Suriya Demokratik Qüvvələri”nin kürd birləşmələri təmin edir. Veqterin fikrincə, yaraqlıların qaçması təkcə regionun deyil, həm də Avropanın təhlükəsizliyinə ciddi təhlükə yaradacaq. (Tass)