Britaniyanın baş naziri Keir Starmer deyib ki, Avstraliya Ukraynada sülhə zəmanət vermək istəyənlərin koalisiyasına kömək etməyə hazırdır. Bu barədə Starmerin Avstraliya hökumətinin başçısı Entoni Albanese ilə söhbətindən sonra Baş Nazirlik Ofisinin yaydığı bəyanatda deyilir.
“Starmer baş nazir Albanesenin Ukraynada sülhü təmin etmək istəyənlərdən ibarət koalisiyaya yardım göstərməyi nəzərdən keçirmək istəyini alqışladı”, – sənəddə deyilir.
Tərəflər həmçinin öz hərbi qulluqçularının sülhməramlı kimi Ukraynaya göndərilməsi imkanlarını öyrənən ölkələrin müdafiə nazirliklərinin rəhbərlərinin martın 11-də Parisdə keçiriləcək görüşünü də müzakirə ediblər. Liderlər həmçinin ABŞ, Böyük Britaniya və Avstraliyanın daxil olduğu AUKUS hərbi bloku çərçivəsində iki ölkənin tərəfdaşlığını müzakirə ediblər.