Hörmətli konfrans iştirakçıları,
Əziz xanımlar və cənablar!
İlk növbədə hər birinizi “Azərbaycanlılara qarşı nifrət cinayətləri və
nifrət nitqi” hesabatlarının təqdimatına həsr olunmuş konfransda salamlayır
və iştirakınıza görə təşəkkür edirəm.
Diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı olaraq 44 günlük Vətən
müharibəsi və eləcə də post-müharibə dövründə tərəfimizdən Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzünü, sülh və insanlıq əleyhinə, habelə
müharibə və terrorçuluq cinayətlərini, eləcə də dinc insanların, mülki
obyektlərin hədəfə alınmasını ifşa edən geniş fəaliyyət, o cümlədən
faktaraşdırıcı missiyalar həyata keçirilmiş, ardıcıl olaraq hesabatlar, bəyanat
və müraciətlər hazırlanaraq yerli və beynəlxalq təşkilatlara, xarici ölkələrin
ombudsmanlarına və milli insan hüquqları təsisatlarına təqdim olunmuş,
Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin
respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarına, həmçinin müxtəlif dini
icma və konfessiyalara göndərilmiş, dünya ictimaiyyətinə video-müraciətlər
edilmiş, yerli və xarici media qurumlarında məlumatlar yayımlanmışdır.
Məlum olduğu kimi, etnik zəmində ayrı-seçkilik, nifrət nəticəsində
yaranmış münaqişələr müasir dövrdə dünyada ən mühüm problemlərdən
biridir. Etnik zəmində nifrət siyasətinin həyata keçirilməsi, nifrət nitqinin
mövcudluğu ümumbəşər dəyərlərlə ziddiyyət təşkil etməkdədir. Bu cür mənfi
hallar millətlər, dövlətlər arasında münaqişələrin baş verməsinə gətirib
çıxarır, cəmiyyətdə hüquq bərabərliyinin təmini məsələsinə maneə yaradır.
Təəssüflər olsun ki, uzun illərdir Azərbaycan da bu siyasətin acı
nəticələrindən əziyyət çəkir. Ermənistanın ölkəmizə qarşı əsassız ərazi
iddiaları, bu ölkənin siyasi rəhbərliyinin bölgədəki digər millətlərə qarşı
formalaşdırdığı nifrət ideologiyası etnik təmizləmə və işğalçılıq siyasəti ilə
müşayiət edilmişdir.
Tərəfimizdən hazırlanmış və bu gün bir nəşrdə diqqətinizə təqdim
olunan “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” ilə bağlı
hesabatlar Ermənistanın etnik zəmində həyata keçirdiyi nifrət siyasətini
faktoloji materiallarla təsdiq edir.
Ermənistan tərəfin torpaqlarımızın uzun illər işğal altında saxlanılması
və bir milyondan çox insanın öz yurd-yuvalarından didərgin salınaraq qaçqın
və məcburi köçkünə çevrilməsi azərbaycanlılara qarşı aparılan nifrət
siyasətinin bariz göstəricisidir.
Bu gün sosial şəbəkələrdə və rəqəmsal mediada Ermənistan
tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi daha da artmaqdadır.
Xüsusilə qeyd olunmalıdır ki, Ermənistanda cəmiyyətin müxtəlif
təbəqələri, eləcə də dünyanın müxtəlif bölgələrində yaşayan erməni əsilli
şəxslər tərəfindən azərbaycanlılara qarşı nifrət nitqi kəskin şəkildə ifadə
edilməkdədir. Bu cür hallar İkinci Qarabağ müharibəsi zamanı və
postmüharibə dövründə daha geniş vüsət almışdır. Belə ki, istər sosial
şəbəkələrdə, istərsə də mətbuatda ölkəmizə və azərbaycanlılara qarşı
aşağılayıcı, təhqiramiz, açıq şəkildə nifrəti təbliğ edən ifadələr
səsləndirilmişdir.
Hazırda sosial şəbəkələrdə, internet saytlarda davamlı olaraq
azərbaycanlıları hədələyən açıqlamaların verilməsi, onlara münasibətdə
aqressiv və insan ləyaqətini alçaldan ifadələrin işlənməsi, etnik zəmində
nifrətin təşviq edilməsi məhz uzun illərdir Ermənistan tərəfindən ölkəmizə
qarşı yaradılmış dözümsüzlük siyasətinin daha bir təzahürüdür.
Bu gün biz Sosial Tədqiqatlar Mərkəzi ilə birgə əməkdaşlıqda ingilis
dilində nəşr olunmuş iki hesabatı sizin diqqətinizə təqdim edirik. Əldə edilmiş
faktoloji materiallardan, sosial şəbəkələrdə və mətbuatda yayımlanan etibarlı
mənbələrdən alınmış məlumatlardan istifadə olunmaqla hazırlanmış
hesabatlar Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara
qarşı uzun illər aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı
insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq və bu siyasətin
qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı çağırış etmək
məqsədi daşıyır. Bu hesabatlar beynəlxalq səviyyədə Azərbaycanın
maraqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu hesabatlarla yanaşı, tərəfimizdən Ermənistanın azərbaycanlılara
qarşı yürütdüyü nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair daha
bir hesabat, o cümlədən azərbaycanlılara qarşı aparılan nifrət siyasəti
nəticəsində törədilmiş cinayətlər və nifrət nitqi ilə bağlı videomaterial da
hazırlanmışdır. Bu materiallar əlçatanlığın təmini məqsədilə təsisatın rəsmi
internet saytında və sosial şəbəkə hesablarında yayımlanmışdır.
Vurğulamaq istərdim ki, tərəfimizdən bu sahə üzrə məsələlər bundan
sonra da araşdırılacaq və növbəti materiallar, hesabatlar hazırlanacaqdır.
Bu gün burada dövlət orqanları ilə yanaşı, vətəndaş cəmiyyəti
institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının və media
subyektlərinin iştirakından məmnunluğumu bildirir, hər birinizi ölkəmizin haqlı
mövqeyinin təbliği naminə bu sənədlərdən daha geniş istifadə etməyə
çağırıram.
Sonda hörmətli Zahid müəllimə, onun kollektivinə və qonaqlara
təsisatımızla əməkdaşlığa görə təşəkkür edir və inanıram ki, bu istiqamətdə
əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm.