Böyük Britaniyanın baş naziri Keir Starmer fevralın 27-də ABŞ prezidenti Donald Trampa Britaniya və Fransa sülhməramlılarının Ukraynada yerləşdirilməsi planının layihəsini təqdim edə bilər, The Wall Street Journal (WSJ) mənbələrə istinadən xəbər verir.
Onun məlumatına görə, Starmer Vaşinqtonda Trampla görüşdə sülhməramlıların göndərilməsi məsələsini qaldıracaq, lakin hələlik təşəbbüsdə ABŞ-dan kömək üçün “konkret sorğu” etməyəcək. Planın hazırlanmasında da iştirak edən Fransa prezidenti Emmanuel Makron Trampla daha əvvəl – bazar ertəsi, fevralın 24-də görüşəcək. O, prezidentə Ukraynanın müttəfiqlərinin münaqişənin gedişi və Kiyevə yardımla bağlı mövqeyini açıqlayacaq.
Avropa konsepsiyası Amerika prezidentinin qarşı çıxdığı Ukraynaya ABŞ qoşunlarının göndərilməsini nəzərdə tutmur. Bununla belə, London və Paris sülhməramlıları təhlükə altında olarsa, Vaşinqtondan atəş dəstəyi almaq istərdilər. Xüsusən də Fransa və Britaniya ümid edir ki, ABŞ lazım gələrsə, Ukraynaya qonşu ölkələrdə özünün hava hücumundan müdafiə sistemlərindən istifadə edəcək. (Tass)