AZƏRTAC-ın müsahibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan əvəzi dosent Elgiz Həsənovdur.
-Elgiz müəllim, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi Azərbaycan Memarlıq və İnşaat Universitetinin ən böyük fakültələrindəndir. Maraqlıdır, hazırda fakültədə neçə tələbə təhsil alır və hansı ixtisaslar tədris olunur?
-Doğru qeyd edirsiniz, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi ixtisaslar baxımından da genişdir. Fakültədə 5 ixtisas üzrə həm əyani, həmdə qiyabi formada mütəxəssis hazırlığı həyata keçirilir. “Kommunikasiya sistemləri mühəndisliyi”, “Meliorasiya mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi” və “Neft qaz mühəndisliyi” ixtisasları üzrə ümumilikdə 1571 tələbə təhsil alır ki, onlardan 1045-i oğlan, 526-sı qızlardır. Bu ixtisaslar Azərbaycan, rus və ingilis dillərində kifayət qədər səriştəli müəllimlər tərəfindən tədris olunur.
Adlarından da göründüyü kimi, tədris olunan ixtisasların hamısı çox aktualdır. Həm qlobal, həm də ölkə səviyyəsində su, ekologiya, enerji effektivliyi ilə bağlı problemlərin həlli fakültədə tədris olunan ixtisasların əhəmiyyətini artırır. Hər il fakültəni orta hesabla 200 tələbə bitirir və onların böyük əksəriyyəti öz ixtisası üzrə işlə təmin edilir. Düşünürəm ki, bu rəqəm tələbata nisbətdə azdır və bizim hədəfimiz tələbə sayını, dolayısı ilə məzun, ixtisaslı mütəxəssis sayını artırmaqdır.
Azərbaycanın içməli su ehtiyatlarının az olmasını nəzərə alsaq, su təsərrüfatı üzrə kadr hazırlığının əhəmiyyəti daha da artır…
Statistik məlumatlara əsaslanaraq demək olar ki, Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhdud olmaqla bütöv regiondakı su ehtiyatının yalnız 15 faizini əhatə edir. Qafqazda cəmi 310 milyard kubmetr su ehtiyatı var ki, bunun da Azərbaycanda adambaşına düşən su miqdarı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir. Bu, ilk növbədə, Azərbaycandakı su mənbələrinin fərqli yerləşmə məkanı ilə əlaqədardır. Azərbaycanın su ehtiyatı 30,9 milyard kubmetr təşkil edir və onun 33 faizi daxili sulardır, 66 faizi isə transsərhəd çayların hesabına formalaşan sulardır.
Təkcə bu faktlar su təchizatının səmərəli istifadəsinin çox vacib məsələyə çevrilməsi üçün yetərlidir. Bununla yanaşı, qlobal problemləri də unutmaq olmaz. İqlim dəyişikliyi, qlobal istiləşmə, şirin su hövzələri üzərində gedən siyasi-iqtisadi mübarizə su təchizatı məsələsini strateji nöqtəyə daşıyır.
Əlbəttə ki, su təchizatımızla bağlı yarana biləcək problemlərin həlli üçün ən başlıca vəzifə sahə üzrə savadlı, yüksək hazırlıqlı, beynəlxalq tendensiyalara uyğun milli kadrlar yetişdirməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə içməli su ehtiyatlarının səmərəli istifadəsi istiqamətində irəli sürülən konsepsiyada yaxın gələcək üçün suyun toplanılması, mühafizəsi, təkrar emalı istiqamətində görüləcək işlərin vacibliyi vurğulanıb. Su ehtiyatlarının səmərəli istifadəsi hər zaman respublika rəhbərliyinin diqqət mərkəzində olub. Bildiyimiz kimi, işğaldan azad olunmuş Qarabağ iqtisadi zonasında su ehtiyatlarının artırılması və səmərəli istifadəsi məqsədilə böyük layihələr işlənilib və hazırda onların bir çoxu icra olunmaqdadır. Prezidentin su ilə bağlı keçirdiyi müşavirədə meliorasiya işlərinin yaxşılaşdırılması, əkin sahələrinin artırılması, ərzaq təhlükəsizliyin təmin olunması, enerji istehsalının artırılması və digər məsələlər geniş müzakirə olundu. Qeyd olunmuş məsələlərin həlli üçün hazırlıqlı kadrların yetişdirilməsi və yeni müasir texnologiyanın tətbiq edilməsi vacib məsələ kimi ortaya qoyuldu. Təbii ki, bu çağırışlar və tələblər, universitet olaraq bizim öhdəliyimizi artırıb. Bu səbəbdən də fakültəyə qəbul olunan tələbələrin sayı hər il artırılır.
-Əlbəttə, tələbat ödənilməlidir və buna görə də tələbələrin sayı artırılır, bəs keyfiyyət necə, artırılırmı?
-Kadr hazırlığı ciddi bir prosesdir və bu məsələdə bir çox amillər rol oynayır. Burada savadlı professor-müəllim heyətinin səmərəli işini, eləcə də universitetin maddi-texniki bazasının müasir tələblərə cavab verməsini qeyd etmək yerinə düşərdi. Universitet rəhbərliyi tədrisin keyfiyyətinin yüksəldilməsi üçün böyük potensial sərf edir, xarici əlaqələr genişləndirilir, elmi-texniki potensial gücləndirilir.
Son illər fakültədə hidrotexniki qurğular, bərpaolunan enerji, elektronika və elektrotexnika yönlü müasir tələblərə cavab verən laboratoriyalar yaradılıb. Bu laboratoriyalarda tələbələrin aldıqları nəzəri biliklər təcrübə yolu ilə artırılır.
Fakültədə fəaliyyət göstərən kafedraların professor-müəllim heyəti istehsalatla sıx əlaqədə olur. Bu istiqamətdə aparılan elmi araşdırmaların istehsalata tətbiq edilməsi universitetlə istehsal müəssisələrinin qarşılıqlı iş birliyini yaradır. Son illər xarici universitetlər və elmi müəssisələrlə qarşılıqlı iş birliyinin yaradılmasına da diqqət artırılır. Türkiyə və Qazaxıstan universitetləri ilə iş birliyi, tələbə və müəllim mübadilə proqramları sürətlə həyata keçirilir. Hər il 20 tələbəmiz Türkiyəyə göndərilir və İstanbul Su Kanal İdarəsində təcrübə keçirlər.
-Siz uzun illər istehsalatda fəaliyyət göstərmisiniz. Necə düşünürsünüz, istehsalatın kadrlardan gözləntiləri nədir və fakültə bu gözləntiləri ödəyə bilirmi?
-Doğru söyləyirsiniz, mən 19 il istehsalatda çalışmışam və onu dəqiq bilirəm ki, savadlı kadrların formalaşması üçün universitetdə aldıqları bilikləri praktiki işlərlə əlaqələndirdikdə nəticə əldə etmək olar. Bunun üçün illərin təcrübəsi və işgüzarlıq tələb olunur.
Son illər fakültə tərəfindən tövsiyə olunan onlarla məzunumuz müxtəlif layihə institutunda işlə təmin olunub və hazırda onlar haqqında müsbət rəy alırıq və bu bizi sevindirir. Bizim tələbələr “Azəristiliktəchizat” ASC, “Sukanal” Elmi-Tədqiqat və Layihə, Azərbaycan Dövlət Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi institutları, SOCAR, “Azərsu” ASC, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də və digər böyük təşkilatlarda çalışırlar. Onlar həmin təşkilatlarda mühüm vəzifələri icra edirlər.
Məzunlarımızın işlə təminatına, sahə üzrə qurumların bizim məzunlarımıza göstərdikləri marağa baxanda deyə bilərik ki, biz istehsalatın gözləntisini doğrulduruq, amma bu, son deyil. Fakültə olaraq daha peşəkar və daha hazırlıqlı mütəxəssis yetişdirilməsi üçün çalışırıq. Fürsətdən istifadə edərək, istehsalata səslənirəm və onları da kadr hazırlığı prosesinə qoşulmağa çağırıram.
-Biz su təsərrüfatı üzrə bir sıra məsələlərə toxunduq, amma fakültədə həm də mühəndis kommunikasiya sistemləri üzrə kadr hazırlığı həyata keçirilir…
-Su təsərrüfatı dedikdə biz geniş aspekti əhatə etməliyik. Burada suyun kompleks məqsədli istifadəsi, su ehtiyatlarının artırılması və onun səmərəli şəkildə istismarı bu sahədə təhsil alan meliorasiya mühəndisliyi və kommunikasiya sistemləri mühəndisliyi tələbələrindən böyük məsuliyyət tələb edir. Yəni kommunikasiya sistemləri mühəndisliyi üzrə hazırlıqlı mütəxəssisiniz yoxdursa, təkcə meliorasiya mühəndisi problemi həll edə bilməyəcək. Bu istiqamətlər zəncir kimi bir-birinə bağlıdır. Əgər biri olmasa, zəncir qırılacaq və istənilən nəticəni əldə etmək mümkün olmayacaq.
Məsələn, professor Həsən Feyziyevin duzlu suların yumşaldılması (dəniz suyunun şirin suya çevrilməsi) istiqamətində çox qiymətli tədqiqatları mövcuddur. Dəniz suyunun təmizlənməsi və əhaliyə istifadə üçün verilməsi yaxın gələcəyin əsas məsələlərindən biri ola bilər. Bu istiqamətdə gələcəkdə müəyyən startapların işlənməsi və bu layihədə tələbələrin birgə iştirakı nəzərdə tutulub. Layihələrə başlayanda meliorasiya mühəndisləri ilə yanaşı, kommunikasiya sistemləri mühəndisləri, ekologiya mühəndisləri, elektrik və elektronika mühəndisləri də prosesdə aktiv iştirak edəcəklər.
Bizim fakültədə enerji səmərəliyinin artırılması və bərpaolunan enerji mənbələrinin işlənməsi istiqamətlərində də çoxlu işlər görülür. Fakültədə çalışan professor və müəllimlərimiz Zəngilanın Ağalı kəndidə inşa edilən “ağıllı” evlər layihəsində və smart texnologiyaların tətbiqində ekspert qismində yaxından iştirak ediblər. Bu istiqamətdə aparılan araşdırmalar indi də davam etdirilir.
Meliorasiya və su təsərrüfatı tikintisi kafedrasının əməkdaşları kiçik çaylarda elektrik stansiyaların iş prinsipinin yaxşılaşdırılması istiqamətində elmi məqalələr yazıblar və alınmış nəticələrin istehsalata tətbiq edilməsini tövsiyə ediblər. Yəqin ki, yaxın gələcəkdə bunun müsbət nəticəsindən bəhrələnəcəyik.
Mütəxəssis hazırlığı üçün əsas məsələlərdən biri də xarici ölkələrdə olan təcrübənin öyrənilməsidir. Bunun üçün mütəmadi olaraq fakültədə xarici universitetlərdən dəvət olunmuş professor və aparıcı mütəxəssislərin seminarları keçirilir. Tələbələrin mütəxəssis kimi formalaşmasında belə tədbirlərin rolu böyükdür.