Onunla müsahibəni təqdim edirik.
– Fərhad bəy, Azərbaycanla Ermənistan arasında hazırda davam edən sülh danışıqlarının cari vəziyyəti nədən ibarətdir? Sizcə, tərəflər yekun sülhə nə qədər yaxındır?
– Azərbaycanla Ermənistan arasındakı sülh sazişinin imzalanması ilə bağlı proses bir neçə mərhələdən ibarətdir. Birinci mərhələ ölkə başçısının da qeyd etdiyi kimi, tərəflər arasında sülh mətninin paraflanması, yəni, xarici işlər nazirləri tərəfindən təsdiq edilməsidir. Təcrübədə belə diplomatik mexanizmdən istifadə edilir. Əgər sülh sazişini dərhal imzalamaq mümkün olmursa, onun mətni paraflanır və hər iki tərəfin siyasi iradəsi burada öz əksini tapır.
Sülhlə bağlı Azərbaycanın ilkin şərtləri var. Bunlar Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması və ATƏT-in Minsk qrupundan imtina ilə bağlıdır. Belə olan halda sülh mətninin paraflanması ilə Minsk qrupunun buraxılması məsələsi uyğunlaşdırıla bilər. İlin sonuna qədər nəzəri ssenari kimi bunun baş verməsi mümkün görünür. Beləliklə, münaqişənin bitməsi ilə bağlı ən böyük “simvol” olan Minsk qrupu buraxılır. Bununla böyük bir məsafə qət edilir.
Daha sonra Ermənistan konstitusiyasının dəyişdirilməsi və sonda sazişin liderlər tərəfindən imzalanıb, parlamentlərdə ratifikasiya edilməsi prosesi start götürə bilər. Bu, nəzəri olaraq 2027-ci ildə tam yekunlaşa bilər.
– ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına yönəlmiş müsbət mesajlarını necə qiymətləndirə bilərsiz?
– Ağ Evin Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə vasitəçi deyil, stimulverici qüvvə kimi qoşulması artıq müşahidə edilir. Bu, ən azı bəyanatlar səviyyəsindədir.
Praktiki olaraq, ABŞ-dən Ermənistana təkliflər var. Bu, Zəngəzur dəhlizinin idarə edilməsi ilə bağlıdır. Rəsmi İrəvan bu təklifə cavab verməlidir. Ermənistan tərəfindən hansısa Amerika şirkətinin iştirakını ehtiva edən təklif Bakıya da təqdim edilə bilər. Məhz bunun əsasında Azərbaycanın mövqeyi formalaşacaq.
Hazırda bu mövzulara aid manipuliyasiyalar edilir. Çünki belə bir təklif hələ ki Bakıya təqdim edilməyib. Azərbaycan Prezidenti bəyan edib ki, ölkəmizin mövqeyində hər hansı dəyişiklik yoxdur. Azərbaycan üçün əsas olan odur ki, Naxçıvana birləşən kommunikasiya xətti, yəni, Zəngəzur dəhlizinin təhlükəsizliyi beynəlxalq səviyyədə təmin olunsun. Bakının bu gözləntiləri Ermənistan tərəfindən təmin edilsə, məsələ həll olunmuş hesab edilə bilər.
– Zəngəzur dəhlizinin açılması məsələsində ABŞ-nin rolu və maraqları nədən ibarət ola bilər? Dəhlizin Amerikanın nəzarətində və ya icarəsi əsasında fəaliyyət göstərməsi üçün hüquqi və diplomatik prinsiplər necə müəyyənləşəcək?
– Dəhlizdə ABŞ şirkətinin hüquqi və diplomatik fəaliyyəti Ermənistan ərazisində olacaq. Prezident İlham Əliyev bəyan etdiyi ki, Azərbaycan öz ərazisində hər hansı bir tərəfin fəaliyyətinə ehtiyac duymur. Bu, birbaşa ABŞ ilə Ermənistana aid məsələ kimi gündəmə gəlir.