Suriya dövləti öz ərazisinin bütövlüyünü qorumağa sadiqdir və İsrailin müdaxiləsi nəticəsində ölkəni parçalamaq cəhdlərini rədd edir. Bunu bu həftə Parisdə ABŞ-ın vasitəçiliyi ilə İsrail tərəfi ilə aparılan danışıqları şərh edən Dəməşqdəki diplomatik mənbə bildirib.
“Xarici İşlər Nazirliyi və Suriya Baş Kəşfiyyat Xidmətinin nümayəndə heyətinin İsrail nümayəndələri ilə dialoqu səmimi və məsuliyyətli olub”, – deyə mənbə bildirib. “Nümayəndə heyətimiz İsrailin qanunsuz hərbi mövcudluğunu və Suriya cəmiyyətinin müəyyən təbəqələrindən ölkəni parçalamaq üçün layihələrdə istifadə etmək cəhdlərini qəti şəkildə rədd edib”.
Mənbə bildirib ki, Paris görüşü heç bir konkret razılaşmaya gətirib çıxarmayıb. “Bunlar keçən ilin dekabrından bəri davam edən hərbi eskalasiya fonunda Suriyanın cənubunda gərginliyin azaldılması və kommunikasiya kanallarının yenidən açılması məqsədi daşıyan ilkin məsləhətləşmələr idi”, o vurğulayıb.