Suriya və Livan Livan həbsxanalarında saxlanılan suriyalı məhbusların vətənlərinə qaytarılması ilə bağlı razılığa gəliblər. Suriya Xarici İşlər Nazirliyinin məlumatına görə, müvafiq qərar Livanın baş naziri Nəcib Mikati və Livanın Xarici İşlər Nazirliyinin rəhbəri Abdullah Bu Həbibin Dəməşqə səfərindən sonra qəbul edilib.
Suriya Xarici İşlər Nazirliyinin rəsmi Telegram kanalında yayımlanan bəyanatında deyilir: “Bütün suriyalı məhbusların Livan həbsxanalarından geri qaytarılması, hər iki tərəfin sərhəd təhlükəsizliyinin təmin edilməsi və narkotiklərlə mübarizədə əməkdaşlıq haqqında razılıq əldə olunub”.
Bundan əlavə, tərəflər siyasi, hərbi və iqtisadi səviyyələrdə “birgə komitələr yaratmaq” barədə razılığa gəliblər.
“Biz qardaşlarımızla Suriyanın ərəb ölkələrinin mövqelərinin gücləndirilməsində, regionda sabitliyin və təhlükəsizliyin qorunmasında rolunun vacibliyini müzakirə etdik”, mətndə vurğulanır.