İraqın İslami Müqaviməti hərəkatına məxsus silahlı şiə dəstələri Suriyanın Həsəkə əyalətinin cənubundakı Əl-Şəddadidəki ABŞ hərbi bazasına raket zərbələri endirib. Bu barədə “Al Modon” xəbər portalı məlumat yayıb.
Onun məlumatına görə, Əl-Cəbsə neft yatağının yanında yerləşən hərbi obyektə çoxsaylı buraxılış raket sistemlərindən atəş açılıb. Hücum zamanı bazada bir neçə partlayış baş verib.
Bundan əvvəl Deyr əz-Zor əyalətindəki Əl-Ömər neft yatağı ərazisində ABŞ hərbi bazasına kamikadze pilotsuz uçan aparatlardan istifadə etməklə hücum olub. Bu hücumun nəticələri barədə məlumat verilmir.
Noyabrın 30-da Telegram kanalında yayımlanan bəyanatda şiə milislər ABŞ-a xəbərdarlıq ediblər ki, Vaşinqton Qəzzada dinc sakinləri öldürən İsrail ordusuna yardımı davam etdirdiyi üçün Suriya və İraqda hərbi əməliyyatların sayını artıracaqlar. (Tass)