İyulun 5-6-da Türk dünyasının diqqəti Şuşada oldu. Regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə şəhərdə qeyri-formal sammit keçirilib. Azərbaycan, Özbəkistan, Qırğızıstan Qazaxıstan prezidentləri – İlham Əliyev, Şavkat Mirziyoyev, Sadır Japarov, Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar ötən ilin noyabrında Astanada – TDT-nin “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. Prezident İlham Əliyev də bu il iyunun 6-da TÜRKPA nümayəndələri ilə görüşündə bildirmişdi ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Dövlət başçısı xüsusi vurğulaylb ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etmir. Eyni mövqeni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsləndirib: “Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da güclənməsi üçün fəaliyyətimizi davam etdiririk. Təşkilatımızın növbədənkənar Zirvə Toplantısının iyul ayında Türk dünyasının mədəniyyət paytaxtlarından olan Şuşada keçirilməsindən məmnunluq hissi keçirdiyimi xüsusi qeyd etmək istəyirəm”.
Bəli, tədbir mühüm qərarların qəbulu ilə başa çatdı və “tarixi sammit” kimi bütün türk dünyasının tarixinə düşəcəyi şəksizdir. Həm də ona görə “tarixidir” ki, azad olunmuş ərazilərdə keçirilən ilk beynəlxalq səviyyəli sammitdir. İmzalanan Qarabağ Bəyannaməsi isə xüsusi qeyd olunmalıdır. Bu sammitin türk dünyasının birliyini daha da gücləndirəcəyi şübhə doğurmur.Torpaqlarını işğaldan azad edən, ərazi bütövlüyünü bərpa edən Azərbaycan xarici siyasətinin əsas istiqamətlərini müəyyən edib – Türk dünyasının birliyi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, qlobal arenada güc mərkəzinə çevrilməsi də bura daxildir. Azərbaycan Prezidenti də bunu dəfələrlə bəyan edib. Bəyan edib ki, Türk dünyası birlikdə güclüdür. Bu siyasət də onilliklərə söykənir. Ən mühüm olan odur ki artıq “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ideyası artıq digər türk dövlətlərini də əhatə etməyə başlayıb. Azərbaycan türk dövlətlərinin bir araya gəlməsində, birliyinin yaranmasında və möhkəmlənməsində mühüm rol oynamağa başlayıb. Şübhəsiz ki, bu məsələdə Prezident İlham Əliyevin fəaliyyəti xüsusi qeyd edilməlidir. Bu, İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunda prioritet istiqamətə çevrilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin ildə bir dəfə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib. TDT-nin güc mərkəzinə çevrilməsi istiqamətində aktiv siyasət yürüdən dövlətimizin başçısı bir neçə dəfə bəyan edib ki, Türk dünyası böyük coğrafi məkanı əhatə edir və XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.
Bu sammitdən əvvəl türk dövlətlərinin başçılarının ayrı-ayrı vaxtlarda işğaldan azad edilmiş ərazilərimizə səfərlərini yada salaq. Onların səfərləri özündə mühüm çağırışları ehtiva etdi. Birliyin, qardaşlığın və dostluğun məhz Şuşadan dünyaya təqdimatına nail olunub. İyulun 6-da da Şuşada Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin genişləndirilməsi, beynəlxalq nüfuzunun artırılması istiqamətində atılacaq addımlarla bağlı mühüm mesajlarla çıxış edib.Sammitdə qəbul edilən tarixi və mühüm qərarlara nəzər salaq.Əvvəla, Türk Dövlətləri Təşkilatının cari büdcəsinin və strukturunun birlikdə nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığını bildirən dövlət başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon dolları məbləğində vəsait köçürüb. Onu da qeyd edək ki, Zirvə görüşündə “Türk Dövlətləri Təşkilatının Katibliyinin heyətinin və büdcəsinin artırılmasına dair qərar” imzalanıb.İkincisi, təbiidir ki, ölkələr arasında əlaqlərin inkişafında iqtisadi amil əhəmiyyətli rol oynayır. Prezident də hər bir çıxışında buna toxunur. Türk dünyasının əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensial olduğunu əsaslı şəkildə qeyd edir. Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi də hazırda qarşıda dayanan prioritet məsələlərdən biridir. Sammitdə də xüsusi vurğulandı ki, Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükgötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.



