Vaşinqtonun Ukrayna danışıqlarından çıxması hamı üçün çox pis xəbər olardı, çünki münaqişənin həlli ilə bağlı qarşı tərəflərlə danışıqlar aparmaq imkanı yalnız ABŞ-ın əlindədir. Bu fikri Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijjarto jurnalistlərin Vaşinqtonun hərbi əməliyyatlara son qoymaq üçün Kiyev və Moskvanı güzəştə getməyə hələ də inandıra bilməməsi ilə bağlı xəbərləri şərh edərkən bildirib.
“Düşünürəm ki, biz ABŞ prezidentinə və onun administrasiyasına yaxın bir neçə həftə və ya aylar ərzində bu məsələni həll edəcəklərinə ümid bəsləyə bilməsək, çox pis olardı. Amma mənim başa düşdüyüm qədər, onlar bundan tamamilə imtina edəcəklərini hələ dəqiq söyləməyiblər”, – Macarıstanın xarici işlər naziri bildirib.
O, hesab edir ki, “kimin Ukraynada sülh əldə etmək üçün real şansı varsa, o, ABŞ prezidenti Donald Trampdır”. “ABŞ diplomatik nizamlanmadan imtina etsə, bu, bütün dünya üçün çox pis xəbər olardı, lakin bu, hələ baş verməyib. Ümid edirəm ki, onlar bu prosesdə iştirak etməyə davam edəcəklər”, – nazir vurğulayıb.