Ukrayna Silahlı Qüvvələrinin “Drujba” neft kəmərinə zərbə endirməsindən sonra Rusiyadan Macarıstana dayandırılan neftin nəqli bərpa edilib. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Szijarto Rusiya energetika nazirinin birinci müavini Pavel Sorokinlə telefon danışığından sonra məlumat verib.
O xatırladıb ki, Ukrayna avqustun 18-nə keçən gecə rusiyalı mütəxəssislər tərəfindən təmir edilməli olan “Drujba” neft kəmərinin infrastrukturuna pilotsuz təyyarələrlə zərbə endirib. Onlar işi başa çatdırıblar və “Macarıstana neft tədarükü bərpa edilib”, – XİN rəhbəri qeyd edib. “Mən indicə Rusiya energetika nazirinin birinci müavini Pavel Sorokinə hücumun vurduğu ziyanı tez bir zamanda aradan qaldırdığına görə təşəkkür etdim”, – Sijarto öz Facebook səhifəsində yazıb.
“Biz gözləyirik ki, Ukrayna ölkəmizin enerji təchizatı üçün kritik əhəmiyyət kəsb edən kəmərə yeni hücumlar etməyəcək. Bu, bizim müharibəmiz deyil, bizi rahat buraxın!” nazir əlavə edib.