Xərçəng müxtəlif elm sahələrini özündə birləşdirən tədqiqat sahəsidir və tədqiqatçıların həm nəzəri, həm də praktik yanaşmaları bu mövzudakı marağı daha da artırır. Elmin inkişafı ilə xərçəngin müalicəsi və diaqnozu sahəsində əldə olunan irəliləyişlər bu xəstəliyə qarşı mübarizədə böyük ümid yaradır. Lakin hər ötən il xərçəngdən əziyyət çəkən və dünyasını dəyişən insanların sayının artdığını nəzərə alsaq, xərçəngin molekulyar mexanizmini daha yaxşı başa düşmək üçün çoxsaylı tədqiqatların aparılması labüddür. Elm və Təhsil Nazirliyi Biofizika İnstitutunun elmi işçisi Mətanət Baxışova xərçəng xəstəliyinin tədqiqi istiqamətində əldə etdiyi nəticələri AZƏRTAC ilə bölüşüb.
-Xərçəng xəstəliyinin tədqiqinə olan marağınız hansı səbəblərlə əlaqədardır?
-Mənim bu sahəyə yönəlməyimdə ən vacib amillərdən biri yaxın ətrafımda xərçəngdən əziyyət çəkən insanları görmək və onların mübarizəsini müşahidə etməyim oldu. Bu mənə xərçəngin yalnız bir tibbi problem olmadığını, həm də bir çox həyatları dəyişdirən, çoxsaylı emosional və sosial təsirləri olan bir xəstəlik olduğunu göstərdi. Bu da elmin gücünü daha dərindən anlamağa və bu məsələyə yanaşma yollarını axtarmağa təkan verdi.
Elmi rəhbərim AMEA-nın müxbir üzvü Oktay Qasımov bu sahəyə yönəlməyimdə xüsusi rol oynayıb. Onun dərin bilikləri, mənə elmi tədqiqatların incəliklərini öyrətməsi və daim dəstəkləməsi xərçəng kimi mürəkkəb bir sahəyə maraq göstərməyə təkan verib. Elmi rəhbərim, həmçinin mənə tədqiqatlarımda daha yaradıcı olmağa və təhlillər aparmağıma kömək edir.
-Tədqiqatlarınızda hansı əsas problemləri həll etməyə çalışırsınız?
-Tədqiqatlarımızda əsas məqsədimiz xərçəng xəstəliyinin molekulyar və hüceyrə səviyyəsindəki mexanizmlərini dərindən öyrənməkdir. Bu sahədə qarşılaşdığımız əsas problemlərdən biri xərçəngin erkən mərhələlərində diaqnostikasının çətinliyidir. Bu məsələləri həll etmək üçün biofizika və molekulyar biologiya sahələrindəki ən son nailiyyətlərdən istifadə edərək, yeni diaqnostik üsulları inkişaf etdirməyə çalışırıq. Düşünürəm ki, gələcəkdə elmə maliyyə dəstəyinin artırılması və əldə edəcəyimiz müasir texnologiyaların istifadəsi ilə bu məqsədimizə nail olmaq üçün daha çox yaxınlaşmış olarıq.
-Elmi işlərinizdə hansı nəticələr əldə etmisiniz?
-Qeyd etdiyim kimi, tədqiqat mövzum Biofizika İnstitutunun tədqiqat istiqamətlərindən biri olan xərçəng xəstəliyidir. Azərbaycan Milli Onkologiya Mərkəzi ilə əməkdaşlıq edərək, tədqiqatlarımızı yalnız model sistemlərdə deyil, həm də canlı insan hüceyrələri üzərində aparırıq. Antixərçəng xüsusiyyətinə malik spin nişanlarla aparılan EPR tədqiqatları göstərir ki, bu nişanlar xərçəng hüceyrə membranlarına sağlam hüceyrələrə nisbətən daha çox daxil olur. Həmçinin 44°C-də aparılan tədqiqatlar onkologiyada müalicə məqsədilə istifadə olunan hipertermiyaya uyğun temperaturdur və bu tədqiqatlar göstərir ki, yüksək temperatur bir sıra fərdlərdə antixərçəng agent modelinin hüceyrələrə daha yaxşı daxil olmasını stimullaşdırır. Digər tərəfdən, xərçəngdə hüceyrəətrafı mühitin turşulaşması müşahidə edilir və pH-ın neytrallaşması müalicənin effektivliyini bir sıra fərdlərdə artıra bilir. Bu nəticələr fərdi təbabətə töhfə verə bilər və müalicənin effektivliyini artırmağı öncədən proqnozlaşdıra bilər.
Başqa bir layihə isə İstanbul Universiteti ilə birgə aparılır və dissertasiya mövzumdur. Bu layihədə düyü kəpəyindən əldə olunan antixərçəng pentapeptidi üzərində iş aparılır. Bu peptid orqanizm üçün toksik deyil və bir sıra mühüm inteqrinlərlə birləşə bilir. Bu da həm SARS-CoV-2 virusu infeksiyasından, həm də xərçəng xəstəliklərinə qarşı mübarizədə geniş istifadə oluna bilər. Eyni zamanda, multifunksional peptidin müxtəlif zülallarla birləşmə xüsusiyyəti müxtəlif nöqtələrində D-izomer əvəzlənməsi aparmaqla modulyasiya edilə bilər. Beləliklə, çoxfunksiyalı bioloji xassələrinə görə, antixərçəng pentapeptid dərman preparatlarının hazırlanmasında əsas molekul kimi istifadə edilə bilər.
Doksorubisin (DOX) ciddi yan təsirlərə malik antixərçəng agent olaraq tanınır. DOX-un toksik təsirlərini azaltmaq və onun qanda artıq miqdarını təyin etmək üçün İtaliya Milli Araşdırma Mərkəzi ilə birgə biosensor hazırlanıb. Bu biosensor DOX-u ultra-həssas şəkildə müəyyən edir. Bu tədqiqat birbaşa Milli Onkologiya Mərkəzindən əldə olunan nümunələr üzərində tətbiq edilib və nəticələr təsdiqlənib.
-Elmi nəticələriniz hansı beynəlxalq jurnallarda çap olunub?
-Elmi nəticələrimiz bir sıra beynəlxalq jurnallarda çap olunub və bu jurnallar “Scopus” və “Web of Science” kimi elmmetrik bazalarında yer alır. Bura “Journal of Biomolecular Structure and Dynamics” (Q1) və “ACS Applied Nano Materials” (Q1), “Journal of Molecular Graphics and Modelling” (Q2) və “Biophysical Chemistry”, “Acta Naturae” kimi yüksək impakt faktorlu jurnallar daxildir.
-Beynəlxalq konfranslarda və ya beynəlxalq layihələrdə iştirak etmisiniz?
-Bəli, dəfələrlə öz nailiyyətlərimizi müxtəlif beynəlxalq konfranslarda səsləndirmişik və böyük maraqla qarşılanmışıq. Eyni zamanda, İstanbul Universiteti ilə birlikdə Biofizika İnstitutu olaraq “Tubitak” layihəsinin iştirakçısı olmuşuq və bu layihədə əldə etdiyimiz nəticələr müxtəlif nüfuzlu jurnallarda çap olunub. Hazırda bu əməkdaşlığımız davam edir.