Azərbaycanın ali məktəblərində yeni ixtisasların yaranmasına, mövcud ixtisasların yenilənməsinə və məzmununun dəyişdirilməsinə ehtiyac var. Sənaye universitetlərdən daha sürətlə inkişaf edir. Universitetlər bu təkamül prosesində geridə qalır. Nəticədə, universitet tələbə tapa bilmir, onun hazırladığı tələbələr isə əmək bazarının tələbinə cavab vermədiyi üçün işsiz qalır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov söyləyib.
Qoşqar Məhərrəmovun fikrincə, insanlar 4 il universitetdə təhsil almağa gərək olmadığını və hər hansı bir kursda təhsil almaqla qeyri-formal yollarla iş tapmağın daha asan olduğunu düşünürlər.
“Məsələyə bu aspektdən yanaşılarsa, onlar müəyyən mənada haqlıdırlar. Həqiqətən 4 il ərzində tələbələrə öyrədilən məzmunun bir çox hissəsi iş həyatında onlara lazım olmayan dərslərdir. Universitetlər bu yolda hansı səhvlərə yol verdikləri və əmək bazarının tələbatına necə cavab verəcəkləri üzərində bir daha düşünməlidirlər. Universitetlər bunun üçün inkişaf etmiş ölkələrdə bazar ilə yaxın təmas qururlar. Bazardan sifariş alıb onun tədqiqatlarını aparırlar. Sənaye ilə birbaşa əməkdaşlıq qurub yetişdirdikləri tələbələri təcrübəyə göndərirlər. Beləliklə, universitet ilə sənaye arasında münasibətlər yaxınlaşdıqca bu problem aradan qaldırılır”, – deyə ekspert bildirib.
Təhsil eksperti diqqətə çatdırıb ki, hazırda insana və robota yönəlik ixtisaslara tələbat üstünlük təşkil edir: “İnsana yönəlik ixtisaslar hər zaman aktualdır. Robota yönəlik ixtisaslara isə informasiya və kommunikasiya texnologiyaları, mühəndisliyin qolları aiddir. Burada məhz spesifik ixtisaslar var ki, gələcəkdə bu işləri robotlar görəcək. Gələcəkdə sıradan çıxacaq ixtisaslar arasında tərcüməçilikdən bəhs edilir. Eyni zamanda, terapevtlərin yerinə artıq süni intellekt diaqnoz qoymağı bacaracaq. Bu kimi məsələlərə xüsusilə toxunulur ki, bir daha insanlar robotların edə bilməyəcəyi və insan faktorunun üstünlük təşkil edəcəyi ixtisaslara yönəlsin. Hələ ki süni intellekt insan ilə əlaqədar problemini həll edə bilmir. İnsana yönəlik pedaqogika, antropologiya, psixologiya yenə öz aktuallığını qoruyur. Amma fiziki işlə bağlı bir sıra peşə və ixtisaslar gələcəkdə aradan qalxacaq”.