“Report” İnformasiya Agentliyinin nəzdində fəaliyyət göstərən Media Məktəbinin tələbələri “Qədim Qala” Nəşriyyatının direktoru Şöhlət İxtiyaroğlu, baş redaktoru Sevda Məmmədova və xarici əlaqələr şöbəsinin rəhbəri Elnarə Əliyevanın iştirakı ilə keçirilən görüşə qoşulublar.
Tələbələrin suallarını cavablandıran Şöhlət İxtiyaroğlu kitabların xeyli çətinliklə ərsəyə gəldiyindən bəhs edib, pirat nəşrlər, kitabların müxtəlif dillərə tərcüməsi prosesində yaşanan problemlər barədə danışıb.
“Bəzən oxucular kitabın arxasındakı qiymətə baxıb baha olduğunu deyirlər. Əslində biz kitabı mağazalara 35-40% endirimlə veririk. Yəni mağaza istəsə, ona 11 manata verdiyimiz kitabı endirimlə sata bilər. Kitabı ərsəyə gətirən, eyni zamanda arxa planda olan komandanı da görmək lazımdır. Adicə kitabın üz qabığı uzun müddət müzakirə olunan və uzun zaman tələb edən işdir – həftələr, aylar çəkə bilir. Bəzən isə üstündə əlləşib-vuruşduğun kitabın pirat formaları meydana çıxır. Tərcümə prosesində də xeyli çətinliklə qarşılaşırıq. Kadr çatışmazlığı yaşanır”, – deyə direktor söyləyib.
Görüşdə redaktə işi və xarici kitabların nəşri, yerli kitabların xaricə satışı barədə də müzakirələr aparılıb. Sevda Məmmədova tələbələrə redaktənin növləri və görülən işlər barədə ətraflı danışıb.
“Nəşriyyatımız tərcümə edilən və yerli kitabları nəşr edir. Təbii ki, nəşr olunacaq kitabların hər biri redaktədən keçməlidir. Redaktə işinin bədii, elmi, texniki növləri var. Bunların tətbiqi əsərin məzmununa görə dəyişir. Redaktə prosesi o zaman əziyyətli olur ki, yazıçı düzəlişlər ilə razılaşmır. Mələsən, giriş hissə çox uzundur, qısaltmaq lazımdır, amma yazar istəmir. Xoşbəxtlikdən elə müəlliflər də var ki, düzəlişlərə açıqdır”, – baş redaktor bildirib.
Elnarə Əliyeva isə digər ölkələrdən alınan kitabların nəşri və müqavilələrin hansı prinsiplərə əsasən tərtib edilməsi kimi məsələlərə toxunub.
“Bizim strategiyamız xarici ölkələrdən bestseller kitabları almaqdır. Proses zamanı ilk olaraq bizim elektron ünvana göndərilən kataloqlara nəzər salırıq. Sonrakı mərhələdə təklif paketi yollamaqla razılaşma əldə edirik. Razılaşmaya əsasən, 3-5 illik müqavilə imzalanır. Təbii ki, bu müddət daha az və ya daha çox ola bilər. Trendə uyğun çalışmaq bizim üçün çox önəmlidir. Müasir oxucu kütləsi nə istəyir? Hansı kitablar onların diqqətini çəkir? Bu sualların cavabını almaq üçün trendləri diqqətlə izləməyə çalışırıq”, – Elnarə Əliyeva vurğulayıb.
Qeyd edək ki, 2011-ci ildə yaradılan “Qədim Qala” Nəşriyyatının nəşr etdiyi Rövşən Abdullaoğlunun «Relslər üzərinə uzanmış adam» romanı 2020-ci ildə ABŞ-da keçirilən Beynəlxalq Kitab Müsabiqəsində qızıl medala layiq görülüb. Hazırda nəşriyyatın “Abaddon” kitabı Misirdə və Özbəkistanda, “Bu şəhərdə kimsə yoxdur” əsəri isə Livanda satışa çıxarılıb. Eyni zamanda Özbəkistanda “Relslər üzərinə uzanmış adam” , “Abaddon” , “Çətin olsa da həyat davam edir” kitabları satışdadır. “Ləpirçi” və “Çətin olsa da həyat davam edir” kitabları Misir oxucularına təqdim edilib. Həmçinin Malayziya daxil olmaqla bir neçə ölkə ilə müəllif hüquqları mövzusunda danışıqlar aparılır.
Sevil Seymur
Ritorika.az