Tacikistan hakimiyyəti zəlzələlərdən zərər çəkmiş Əfqanıstan xalqına humanitar yardım kimi 3,3 min ton ərzaq, geyim və tikinti materialları göndərəcək. Müvafiq sərəncamı Tacikistan Prezidenti Emoməli Rəhmon verib.
“Humanitar yardım qış geyimləri və ayaqqabıları, ərzaq məhsulları, tikinti materialları, çadırlar, qış yorğanları, yataq dəstləri, içməli su və ümumi həcmi təxminən 3,3 min ton olan digər həyati vacib əşyalardan ibarətdir”, – Tacikistan dövlət agentliyi “Xovar” bildirib.
Mesajda qeyd edilir ki, yardım 130 yük maşını ilə çatdırılacaq, yük oktyabrın 18-də yola salınacaq.
Oktyabrın 7-də Əfqanıstanda 6,2 bal gücündə zəlzələ baş verib. Fəlakətin episentri 272 min insanın yaşadığı Heratdan 42 km şimal-qərbdə olub. Əfqanıstanın müvəqqəti hökumətindəki Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin məlumatına görə, 2,4 mindən çox sakin həlak olub, ən azı 2 min nəfər yaralanıb. (Tass)