Ulu Öndər Heydər Əliyev iqtisadi və siyasi-ideoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənən iki ayrı dövrdə Azərbaycana rəhbərlik edib. Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər respublikamızın yüksəlişini təmin etməklə yanaşı, müttəfiq respublikalarla münasibətlərin inkişafına da xidmət göstərib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Heydər Əliyev: Müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sisteminə inteqrasiyasında Ümummilli Liderin rolu” mövzusunda keçirilən onlayn konfransda səsləndirib.
YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Heydər Əliyevin istər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, istərsə də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi fəaliyyət göstərdiyi dövrlərdə respublikamızda yaşayan digər xalqların nümayəndələrinin bütün hüquqları qorunub, rifah və firavanlığı yüksək səviyyədə təmin edilib.