Tanınmış şair, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə Ağsu Yazarları İctimai Birliyinin təşkilatçılığı ilə Ağsuda oxucularla görüşüb.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə şəhid anaları, qazilər, həmçinin ətraf rayonlardan – Şamaxı və İsmayıllıdan da ziyalılar iştirak edib.
Ağsu Yazarları İctimai Birliyinin sədri, şair Raqif Nazimoğlu şairin həyat və yaradıcılığı haqqında məlumat verib. O qeyd edib ki, Qəşəm Nəcəfzadə ölkəmizin tanınmış şairlərdən biridir, şeirləri 20-dən çox dilə tərcümə edilib, Beynəlxalq Poeziya Festivallarında ölkəmizi həmişə ləyaqətlə təmsil edib.
Sonra birlik üzvləri şeirlərini oxuyub və həmin şeirlər haqqında Qəşəm Nəcəfzadə öz fikirlərini bildirib.
Görüşün sonunda Qəşəm Nəcəfzadə oxucuların suallarını cavablandırıb, yeni kitablarını hədiyyə edib.