Türkiyə və Britaniya diplomatları Ankaradakı məsləhətləşmələrdə Suriyaya qarşı sanksiyaların ləğvini müzakirə edəcəklər. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbənin TASS-a verdiyi məlumata görə, bu məqsədlə bazar ertəsi Türkiyə xarici işlər nazirinin müavini Nuh Yılmaz və onun britaniyalı həmkarı Hamiş Falkoner Türkiyənin paytaxtında görüşəcəklər.
“Türkiyə tərəfinin bu məsləhətləşmələrdə Suriyadakı təhlükəsizlik, sabitlik və iqtisadi vəziyyətlə bağlı Türkiyənin fikir və gözləntilərini açıqlayacağı gözlənilir. Suriyaya qarşı tətbiq olunan sanksiyaların ilkin şərt olmadan tam ləğvinin zəruriliyi bildiriləcək. Bu, Suriyanın bərpası və iqtisadi inkişafı üçün lazımdır”, – mənbə qeyd edib.
Diplomatlar həmçinin Suriyanın yeni administrasiyasının “milli barışıq” istiqamətində səyləri və beynəlxalq ictimaiyyətin bu addımlara dəstəyinin vacibliyi ilə bağlı vəziyyəti təhlil edəcəklər.
Yılmaz və Falkoner ayrıca İsrailin Suriyadakı hərəkətlərini müzakirə edəcəklər. “Diqqətin Suriyanın suverenliyini açıq şəkildə pozan və təhdid edən İsrail hərəkətlərinin dayandırılması zərurətinə yönələcəyi gözlənilir”, – mənbə qeyd edib. (Tass)