Tehran istənilən istiqamətdən gələn təhdidlərə qəti və sərt cavab verəcək. Bunu İranın müdafiə naziri Məhəmməd Rza Aştiani Nazirlər Kabinetinin iclasından əvvəl jurnalistlərlə görüşü zamanı deyib.
ISNA agentliyi onun sözlərini sitat gətirir: “İslam respublikasının hansı bölgədən təhdid ediləcəyi bizim üçün fərqi yoxdur. Biz reaksiya verəcəyik və cavabımız da uyğun olacaq: sərt və qətiyyətli” . “İran dünyanın raket gücüdür və bizim raketlərimiz uçuş məsafəsi də daxil olmaqla, geniş xüsusiyyətlərə malikdir”, – nazir deyib. Onun sözlərinə görə, İran daim raket texnologiyasının inkişafı və yeni raket növlərinin yaradılması üzərində işləyir.
Çərşənbə axşamı axşam İran silahlı qüvvələri terror qruplaşmasının Ceyş əl-Zolm Pakistanda yerləşən iki qərargahına hücum edib. Tasnim agentliyinin məlumatına görə , əməliyyatda pilotsuz təyyarələr və raketlərdən istifadə edilib. (Tass)