“Türk Dövlətləri Təşkilatı (TDT) qısa müddətdə üzv və müşahidəçi ölkələr arasında münasibətlərin, regional əməkdaşlığın dərinləşməsində mühüm rol oynayıb. Dörd əsas sütun – ortaq tarix, dil, kimlik və mədəniyyət üzərində qurulan təşkilatın beynəlxalq münasibətlər sistemində artan nüfuzu ölkə rəhbərlərinin uzaqgörən siyasətinin, qarşılıqlı inam və dəstəyinin nəticəsidir”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev Astanada keçirilən TDT üzv dövlətlərin səhiyyə nazirlərinin 5-ci toplantısında çıxışı zamanı deyib.
“2024-cü ilin sentyabr ayında Ortaq Türk Əlifbasının qəbul edilməsi ən ali səviyyədə göstərilən dəstək sayəsində mümkün olub.
Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin 4-cü iclasının Şuşa şəhərində keçirilməsi tarixi və qürurverici hadisə idi. Bunun məntiqi davamı olaraq, Şuşa şəhərində keçirilən 4-cü iclasda Türktransplant Vahid İnformasiya Sisteminin yaradılmasına dair niyyət protokolu imzalanıb.
Donor və resipiyent məlumatlarının sərhədlərarası mübadiləsini nəzərdə tutan Türktransplant Niyyət Protokolunun imzalanmasında göstərdiyiniz dəstəyə görə sizlərə təşəkkür edirəm. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi – tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təmin edilməsini birgə fəaliyyətimizin əsas istiqamətləri hesab edirik. Türk dünyası tarixən müxtəlif çətinliklərlə üzləşib, lakin bütün bəşəri sınaqlardan uğurla keçərək daha da güclənib və inkişaf edib. Ötən ilin dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi məcburi eniş zərurəti ilə bağlı Aktau şəhəri hava limanı istiqamətində uçmağa başlamış, eniş zamanı qəzaya uğramışdır. Prezident İlham Əliyevin göstərişi ilə qəzadan dərhal sonra Azərbaycanın dövlət qurumlarından ibarət heyət Aktau şəhərinə ezam edilib”, – deyə nazir söyləyib.