Azərbaycan Ukraynaya enerji böhranı zamanı çox dəstək göstərdi.
Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın paytaxtı Kiyev şəhərinin hərbi administrasiyasının rəhbəri, azərbaycanəsilli Timur Tkaçenko bildirib.
O, azərbaycanlı Firudin Məmmədov və ukraynalı Lyudmila Tkaçenkonun ailəsində Kiyevdə anadan olduğunu deyərək son üç ildə, məhz tammiqyaslı müharibə müddətində şəhərin idarəetmə sistemində və müxtəlif nazirliklərdə çalışdığını söyləyib:
“Yaxın vaxtlaradək davamlı olaraq Ukrayna nəqliyyat infrastrukturu nazirinin müavini və strateji sənaye sahələri nazirinin müavini vəzifələrini icra etmişəm. Azərbaycanın Ukraynanın müstəqilliyini və suverenliyini dəstəkləməsi çox vacibdir. Azərbaycan Ukraynaya humanitar dəstək sahəsində fəallığı ilə seçilib. Rəsmi Bakı məhz Kiyevdə enerji böhranı zamanı çox dəstək göstərdi. Bunu çox yüksək qiymətləndirirəm”.
T.Tkaçenko Azərbaycanda bir neçə dəfə olduğunu, çox xoşuna gəldiyini vurğulayıb:
“Atam həmişə azərbaycanlı olması ilə fəxr edirdi, daima Ukraynada Azərbaycandan olan yerlilərinə dəstək verirdi. Burada azərbaycanlı icmaları çox fəaldırlar. Uşaqlıqdan xatırlayıram ki, azərbaycanlılar həmişə bir yerdə olmağa, bir-birinə kömək etməyə çalışırdılar, həmişə çətin vəziyyətlərdə bir-birlərini dəstəkləyirdilər. Bu gün azərbaycanlıları birləşdirməklə fəal şəkildə məşğul olan bir neçə ictimai təşkilat var. Bu, Ukraynada azərbaycanlıların ictimai hərəkatının böyüdüyünə bir nümunədir”.
Şəhər hərbi administrasiyasının rəhbəri Kiyevdəki fəaliyyətinə də toxunaraq istehkamlar qurulduğunu, bütün mümkün vəziyyətlərə hazırlıq aparıldığını qeyd edib:
“Kiyev şəhərinin Müdafiə Şurası adlı yaxşı bir mexanizmimiz var. Mən də şəhər meri ilə birlikdə bu qurumun rəhbəriyəm. Biz çətin anlarda toplaşıb qərarlar qəbul edirik. Üç ildir nəqliyyat həyəcan siqnalı zamanı hərəkət etmirdi. Kiyevlilər isə evə, hər hansı bir nöqtəyə, sığınacağa çatmaq imkanının olmasını istəyirdi. Biz bu məsələni yoluna qoyduq. İndi metro ilə bağlı problemi araşdırırıq. Çünki açıq sahələrdə hərəkət etdiyindən relsə hər hansı bir qəlpə düşərsə və ya zədələnərsə, bütün hərəkətin dayandırılacağı ilə bağlı narahatlıq var. Çünki texniki cəhətdən metronun hərəkətini təşkil etmək çətin olacaq. Eyni zamanda komendant saatı zamanı təhlükəsizlik, buraxılışlar və s. ilə bağlı bir sıra tapşırıqlar var. Yəni Kiyev şəhərinin həyat fəaliyyəti, o cümlədən rabitənin təmin edilməsi, humanitar məsələlərlə bağlı tapşırıqlar və s. mənim öhdəmdədir. Bundan başqa, Kiyevə raket və dronlarla hücum olacağı təqdirdə Fövqəladə Hallar Xidməti ilə birlikdə nəticələri aradan qaldırmaqdır”.