Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün Bakı və İrəvanın Almatıda danışıqlar aparmağa razılığını alqışlayır. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti tərəfindən dərc edilmiş bəyanatında deyilir.
“Mən Azərbaycan Respublikası və Ermənistan Respublikasının Qazaxıstan tərəfinin təklifi ilə iki dövlət arasında sülh müqaviləsinin hazırlanmasına dair xarici işlər nazirləri arasında danışıqların aparılmasına dair razılaşmanı alqışlayıram 1991-ci ilin dekabrında MDB ölkələrinin müstəqil inkişafının əsaslarını təyin edən və dövlətlərarası sərhədlərin müəyyən edilməsi prinsiplərini təsdiq edən tarixi Alma-Ata Bəyannaməsinin imzalandığı Almatıda mühüm hadisə baş verəcək”, – Tokayev qeyd edib.
O, həmçinin, qarşıdakı görüşün Azərbaycan-Ermənistan razılaşmalarının praktiki həyata keçirilməsinə xidmət edəcəyi, Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün tezliklə bərqərar olmasına töhfə verəcəyi qənaətində olduğunu bildirib. (Tass)