Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaq ekologiyası laboratoriyasının müdiri dosent Zaman Məmmədovun Cənubi Koreya Respublikasının alimləri ilə birgə apardığı uzunmüddətli tədqiqatın nəticələri beynəlxalq jurnalda işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə torpağın şoranlaşmasının bəşəriyyətin qida təhlükəsizliyi və davamlılığı üçün əsas təhlükə olmasından bəhs edilir. Həmçinin məqalədə Kür-Araz ovalığında iqlim dəyişikliyinin və su idarəçiliyinin təsirindən torpaqların şoranlığının proqnozlaşdırılması məsələləri verilib.
Tədqiqatda Azərbaycanın Kür-Araz ovalığında 1986-cı ildən 2021-ci ilə qədər şoranlaşma prosesini proqnozlaşdırmaq üçün “Landsat” məlumatlarından istifadə edilib, iqlim dəyişikliyi və suyun idarə edilməsinin təsirlərini hesablamaq üçün suyun hərəkəti və duzluluğun nəqli modelləri hazırlanıb. Modelin nəticələri göstərib ki, yağıntıların və drenajların artması torpağın şoranlığının azalmasına və kənd təsərrüfatı məhsuldarlığının kəskin yaxşılaşmasına səbəb olub. Bu dəyişikliklər iqlim dəyişikliyi və su idarəçiliyinin sinergetik təsirindən qaynaqlanıb. Proqnozlar göstərir ki, Xəzər dənizində buxarlanmanın azalması səbəbindən yağıntıların miqdarı azalacaq və bu yenidən şoranlaşmaya gətirib çıxaracaq. Torpağın yenidən şoranlaşması Azərbaycanın və qonşu ölkələrin kənd təsərrüfatı sənayesinin davamlılığına və ərzaq təhlükəsizliyinə ciddi problem yarada bilər. İqlim dəyişikliyinin təsirinə hazırlıq üçün inkişaf etməkdə olan ölkələrə daha çox elmi diqqət və səylər artırılmalıdır.
Qeyd edək ki, məqalə “ELSEVIER” bazasında indekslənmiş, impakt faktor 9.8, Q1 kateqoriyalı “Science of The Total Environment” adlı beynəlxalq elmi dərgidə dərc olunub.