ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydeni ABŞ tarixinin ən pis prezidenti adlandırıb və onun siyasətinin ölkəyə ciddi ziyan vurduğunu deyib.
“Mən dəfələrlə mitinqlərdə və başqa yerlərdə Baydenin açıq sərhəd siyasəti haqqında danışmışam ki, Amerikada radikal islam terrorizmi və digər zorakılıq formaları ilə bağlı vəziyyət o qədər pisləşəcək ki, inanmaq çətin olacaq. O vaxt gəldi və hər şey dəyişdi. Təsəvvür edə biləcəyimizdən də pis olacaq”, – Tramp Truth Social-da yazıb.
O, həmçinin hazırkı prezidenti və onun ətrafını seçkiləri manipulyasiya etməkdə və hökumətə inamı sarsıtmaqda ittiham edib.
Tramp mütəmadi olaraq Baydeni tənqid edir, xüsusən onun immiqrasiya siyasətinə görə. Seçilmiş prezident vurğulayır ki, açıq sərhəd siyasəti ABŞ-da terrorçuların fəallaşmasına və cinayətlərin artmasına səbəb olub. O, bu cür qərarları milli təhlükəsizliyə təhdid və Bayden administrasiyasının ən böyük uğursuzluqlarından biri adlandırır.