ABŞ prezidenti Donald Tramp Şotlandiyaya səfəri zamanı Böyük Britaniya ilə ticarət sazişini yekunlaşdıracağını gözləyir, Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.
“O, [Tramp] çox yaxşı iş münasibəti olan Böyük Britaniyanın baş naziri Keir Starmer ilə görüşəcək. Biz Böyük Britaniya ilə çox yaxşı ticarət sazişi haqqında rekord müddətdə razılığa gəldik. Liderlər bunu rəsmiləşdirməyi müzakirə edəcəklər”, – o, Fox News-da deyib.
Amerika liderinin Şotlandiyaya səfəri iyulun 25-29-na planlaşdırılıb. Britaniya mətbuatının yazdığına görə, prezident sahibi olduğu qolf klublarında qalacaq. Bundan əlavə, Tramp 17-19 sentyabr tarixlərində Böyük Britaniyaya tarixi ikinci dövlət səfərini edəcək və bu səfər zamanı onu Kral III Çarlz Vindzor qəsrində qəbul edəcək. (Tass)