Amerika administrasiyasının xarici məhsullara tətbiq etdiyi gömrük rüsumları ABŞ-ı “yenidən zənginləşdirəcək”. Amerika lideri Donald Tramp bazar günü Florida ştatından Vaşinqtona qayıdan prezident təyyarəsinin göyərtəsində jurnalistlərlə söhbətində buna əmin olduğunu bildirib.
“Düşünürəm ki, tariflərin tətbiqi bir ölkə olaraq gördüyümüz ən böyük iş olacaq. Bu, ölkəmizi yenidən zənginləşdirəcək”, – dövlət başçısı hesab edir.
Amerika lideri Fox News-a müsahibəsində onun administrasiyasının tətbiq etdiyi tariflərin bu il ABŞ-da tənəzzülə səbəb olacağına inanıb-inanmadığı sualına cavab verməkdən imtina edib. Jurnalistlər ondan potensial tənəzzüldən narahat olub-olmadığını soruşdular, çünki müsahibə zamanı sualı cavablandırarkən “bir az tərəddüdlü” görünürdü. “Mən sizə deyim, əlbəttə ki, siz buna şübhə edə bilərsiniz. Kim bilir tənəzzül olub-olmayacağı? Mən yalnız bir şeyi bilirəm: yüz milyardlarla dollar tariflər alacağıq və biz o qədər varlanacağıq ki, bütün bu pulları nə vaxt xərcləyəcəyinizi bilməyəcəksiniz. Sizə deyirəm, bir baxın. Bizdə iş yerləri olacaq. Fabriklərimiz açılacaq. Hər şey gözəl olacaq”, – deyə dövlət başçısı yekunlaşdırıb.
Martın 4-də ABŞ administrasiyası Kanada və Meksikadan demək olar ki, bütün idxala 25% gömrük rüsumları tətbiq etdi, həmçinin Çindən gələn mallara tarifləri 10%-dən 20%-ə qaldırdı. Martın 6-da Tramp üçtərəfli ticarət sazişi çərçivəsində Kanada və Meksikadan gətirilən mallara 25 faizlik idxal tariflərinin tətbiqini aprelin 2-dək təxirə salmaq barədə sərəncam imzalayıb. O, qeyd edib ki, həmin tarixdən sonra belə rahatlamalar olmayacaq. Bundan əlavə, Tramp daha əvvəl aprelin 2-dən idxal olunan mallara yeni, cavab rüsumları tətbiq etmək niyyətində olduğunu açıqlamışdı. O, orta hesabla Avropa Birliyi, Çin, Braziliya, Hindistan, Meksika və Kanadanın ABŞ-a ABŞ-dan daha yüksək tariflər tətbiq etdiyini söyləyib. (Tass)