Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığından sonra bildirib ki, sonuncu onu ABŞ-a səfərə dəvət edib.
“Bu gün ABŞ prezidenti, əziz dostum Donald Trampla apardığımız telefon danışığı çox məhsuldar, mənalı və səmimi oldu. Əziz dostumu ən qısa zamanda Türkiyədə qəbul etməkdən çox xoşbəxt olacağımı bildirdim və o, bizi ABŞ-a dəvət etdi”, – Ərdoğan bildirib.
O, həmçinin qeyd edib ki, o, “Qəzza zolağında, Suriyada humanitar vəziyyətin pisləşməsi, Rusiya və Ukrayna arasında müharibə, qlobal ticarət, İran və ABŞ arasında davam edən danışıqlar və bir çox digər regional və qlobal məsələləri müzakirə edib”.
“Prezident Trampın dünyada davam edən münaqişələrə və müharibələrə son qoymaq səylərini yüksək qiymətləndirdiyimi və Türkiyənin bölgəmizdə sülh, sabitlik və əmin-amanlıq mühitinin yaradılması üçün lazımi dəstəyi verməyə hazır olduğunu vurğuladım”, – Ərdoğan əlavə edib. (Tass)