ABŞ prezidenti Donald Tramp ötən həftə Ağ Evdə avropalı siyasətçilərlə söhbətində münaqişənin həlli çərçivəsində Ukraynada Çin sülhməramlılarının yerləşdirilməsini təklif edib, Britaniyanın “ Financial Times” qəzeti mənbələrə istinadən bu iddia ilə çıxış edib.
Nəşrin qeyd etdiyi kimi, Çin sülhməramlılarının ideyası Avropa ölkələri və Pekini Rusiya hərbi-sənaye kompleksinə yardım göstərməkdə ittiham edən Ukrayna arasında dəstək tapmadı. Tramp administrasiyasının yüksək rütbəli nümayəndəsi də öz növbəsində qəzetə verdiyi şərhdə Çin sülhməramlılarının Ukraynaya göndərilməsinin müzakirəsi ilə bağlı xəbərləri yalan adlandırıb.
Avqustun 25-də Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun brifinqdə bildirib ki, Çin təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya hərbi kontingent göndərməyi planlaşdırmır.