ABŞ prezidenti Donald Trampın administrasiyası tariflərdən əldə edilən gəlirləri əhəmiyyətli dərəcədə artırmaqla Amerika iqtisadiyyatının strukturunu dəyişməyə çalışır. Bu barədə Amerika liderinin ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro bildirib.
“Prezident Tramp istədiyi kimi uğur qazansa, biz Amerika iqtisadiyyatını elə restrukturizasiya edəcəyik ki, o, gəlir vergilərindən və Daxili Gəlirlər Xidmətindən (ABŞ-ın əsas vergi yığım agentliyi ) həddindən artıq asılı olmasın, həm də rüsumlar və vergilərdən gələn gəlirlərə güvənsin.
“Tarif gəlirləri çox mühüm rol oynayacaq. Və bu, uzunmüddətli transformasiyanın bir hissəsi olacaq”, – Navarro vurğulayıb. O, həmçinin qeyd edib ki, Vaşinqton administrasiyası Amerika iqtisadiyyatına əhəmiyyətli vəsait yatıran ölkələrin məhsullarına tətbiq olunan tariflərdən imtina etməyə hazırdır. Onun aydınlaşdırdığı kimi, Trampın fikrincə, dövlətlər ABŞ-a “sərmayə qoysalar, tarifləri ödəmək məcburiyyətində deyillər”.
Navarro deyib ki, administrasiya rəsmiləri “qlobal ticarət kəsirindən [ABŞ iqtisadiyyatına] dəyən ziyanı 1 trilyon dollar səviyyəsində qiymətləndirirlər”. “Ciddi ziyanın olduğu müəyyən olunarsa, nə edəcəyinə prezident qərar verəcək”, – o əlavə edib. ABŞ liderinin müşaviri bəyan edib ki, administrasiya “əlavə qlobal tariflərin tətbiqi imkanlarına” icazə verir, lakin təfərrüatları açıqlamayıb. (Tass)