Türkiyənin xarici işlər naziri Hakan Fidan Aİ Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Brüsselə səfər edəcək. TRT telekanalının məlumatına görə , bu, son beş ildə Aİ-dən Türkiyəyə ilk belə dəvətdir.
Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Kecəli Fidanın tədbirə dəvət olunması faktını təsdiqləyib. “Biz bu dəvəti alqışlayırıq. Bu, həm də Aİ-nin regional və qlobal çağırışlar qarşısında Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsi zərurətini dərk etdiyinə işarədir. Münasibətlərdə irəliləyişə nail olmaq üçün Aİ ilə bütün sahələrdə əməkdaşlığımız və dialoqumuz vacibdir”, – deyə telekanal Keçəlinin sözlərindən sitat gətirib.
Aİ-nin xarici işlər və müdafiə nazirləri avqustun 29-30-da Brüsseldə Aİ Şurasının qeyri-rəsmi iclası üçün bir araya gələcəklər. Brüsseldəki diplomatik mənbənin daha əvvəl TASS-a verdiyi məlumata görə, iştirakçılar Ukrayna qüvvələrinin Kursk bölgəsinə hücumu nəticəsində ağır itkiləri fonunda Kiyevə yeni hərbi təchizatın mümkünlüyünü müzakirə edəcəklər. Türkiyə ənənəvi olaraq Ukrayna münaqişəsində dialoqun tərəfdarıdır və tərəfləri danışıqlara çağırır. (Tass)