Türkiyə və Yunanıstan hərbi sahədə də daxil olmaqla, etimadın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi barədə razılığa gəliblər. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın baş naziri Kiryakos Mitsotakis arasında danışıqların yekunu üzrə imzalanmış “Dostluq münasibətləri və mehriban qonşuluq haqqında” Afina bəyannaməsində deyilir.
“Tərəflər daimi, konstruktiv və mənalı məsləhətləşmələrdə iştirak etmək, qarşılıqlı maraq doğuran məsələlər üzrə siyasi dialoq, danışıqlar aparmaq barədə razılığa gəliblər”, – Türkiyə liderinin administrasiyasının yaydığı sənəddə deyilir.
“Tərəflər öz aralarında yaranan hər hansı mübahisələri sülh yolu ilə, birbaşa məsləhətləşmələr və ya Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində nəzərdə tutulduğu kimi, qarşılıqlı seçim yolu ilə həll etməyə çalışacaqlar. Tərəflər hər hansı bəyanatlardan, təşəbbüslərdən və ya bu bəyannamənin hərfini və ruhunu poza və ya nüfuzdan sala və ya onların regionunda sülhün və sabitliyin qorunmasına təhlükə yarada biləcək hərəkətlərdən uzaq durmağı öhdələrinə götürüblər”, mətndə deyilir. (Tass)