Türkiyə Xarici İşlər Nazirliyi Qara dənizdə Altura tankerinə edilən hücumu beynəlxalq hüququn pozulması və gəmiçilik üçün ciddi təhdid adlandırıb.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Oncu Keçeli açıqlamasında bildirib ki, “Bu gün Qara dənizdə Türkiyə tərəfindən idarə olunan və xam neft daşıyan Sierra Leone bayrağı altında üzən Altura tankerinə edilən hücumdan dərin narahatlıq duyuruq. Qara dənizdəki eksklüziv iqtisadi zonamız daxilində və beynəlxalq hüququ pozaraq baş verən bu və oxşar hücumlar bölgədə həyat, əmlak, gəmiçilik və ətraf mühit təhlükəsizliyi üçün ciddi təhlükə yaradır”.
O, Türkiyənin “beynəlxalq hüquq çərçivəsində respublikanın regiondakı iqtisadi maraqlarını və fəaliyyətlərini qorumaq üçün lazımi tədbirləri görmək hüququnu özündə saxladığını” bildirdi.
Keçeli bildirib ki, “müvafiq qurumlar hücumla əlaqədar lazımi araşdırmalar və texniki tədbirlər aparır”. Gəmidə olan 27 türk ekipaj üzvü zərər çəkməyib. (Tass)
