Siyasi təhlilçi Elxan Şahinoğlu Ritorika.az-a Türkiyədə keçiriləcək seçki ilə bağlı müsahibə verib.
Seçkilərə çox az vaxt qalıb. Ərdoğanın qalib gəlmə şansını neçə faiz qiymətləndirirsiniz?
Siyasi ekspert Elxan Şahinoğlu müsahibəsində bildirib ki, böyük ehtimalla ikinci tur ola bilər. Namizədlər başa-başdır. Prezidentlik uğrunda mübarizə hazırki Cumhurbaşqanı Ərdoğanla Ana Müxalifət Partiyasının Lideri Kamal Kılıçdaroğlu arasında gedir: “Mən hesab edirəm ki, başa-baş gedirlər. İkinci tur olacaq. İkinci turun nəticələrini indidən söyləmək çətindir. Rəy sorğuları müxtəlif nəticələr verir. Hakim partiyaya yaxın rəy sorğuları Ərdoğanın hətta birinci turda cüzi səs çoxluğu ilə qələbəsini vurğulayıb. Amma müxalifətə yaxın rəy sorğuları fərqli nəticələr söyləyir. Ona görə fikir söyləmək çətindir.
Gedişat ondan xəbər verir ki, başa-baş gedirlər. Aralarındakı fərq böyük deyil. Prezident kim seçiləcəksə, rəqibi ilə özü arasındakı fərq çox böyük olmayacaq.
Ərdoğan 20 il hakimiyyətdə olduğu müddətdə bütün seçkilərdə qələbə çalıb. Amma indi iqtisadiyyatdan ciddi çağırışlar var.
Türkiyədə sosial vəziyyət qənaətbəxş deyil. Xarici siyasətdə müəyyən suallar yaranıb. Bütün bunlar da cəmiyyətin bir hissəsinin Kamal Kılıçaroğluna səs verməsinə təşviq edə bilər. Ona görə 2-ci turda başa-başa hesabda kimin qələbə çalmasını söyləmək çətindir. Qalib gələcək şəxs o demək deyil ki, verdiyi vədləri, müxtəlif seçki kompaniyasının bəndlərini qısa müddətdə yerinə yetirə biləcək. İqtisadiyyatdakı ciddi problemlərin həlli üçün azı 1-2 il lazım gələcək. Kamal Kılıçdaroğlu da müxtəlif vədlər verir, seçiciləri öz tərəfinə çəkməyə çalışır. Amma onun özü də prezident seçilərsə, indiki ağır vəziyyətdən çıxması bir ilin içərisində çətin olacaq. Ərdoğan seçilsə, o da iqtisadiyyatda kardinal dönüş yaratmaq məqsədilə indiki hökumətdən fərqli bir komanda yığmaq məcburiyyətindədir.
Əgər hakimiyyətə Kamal Kılıçdaroğlu gələrsə, Azərbaycan-Türkiyə münasibətlərində soyuqlaşma ola bilərmi?
Türkiyədə prezident dəyişilsə belə, bunun Azərbaycan-Türkiyə müttəfiqliyinə mənfi təsir edə biləcəyini düşünmürəm. Bəli, müttəfiqliyi möhkəmləndirmək üçün Ərdoğan çox böyük işlər gördü. İkinci Qarabağ Müharibəsində onun bizə verdiyi dəstək əvəzedilməzdir. Və müharibədən bir il sonra Şuşa bəyannaməsi imzalandı. Amma o hətta məğlub olsa da, Kamal Kılıçdaroğlu prezident seçilsə, bu müttəfiqlikdən uzaqlaşacağını düşünmürəm. Düzdür, Kamal Kılıçdaroğlu bir xəritə yayımlayıb. O Azərbaycan cəmiyyətində şüarlar yaratdı ki, orta dəhliz Azərbaycandan yan keçəcək. Amma düşünürəm ki, belə yanlış qərar verilməz. Kamal Kılıçdaroğlu digər millətçi partiyalarla həmfikirdir. Buna görə, hər halda, bizə tərəfdar olacaq. Hesab edirəm ki, hakimiyyət dəyişsə belə, mütəffiqlik davam edəcək, çünki bünövrə elə qoyulub. Digər namizədlər bundan imtina edə bilməyəcəklər.
Hər bir halda qalib gələcək namizədlə münasibətlər uyğunlaşacaq və iki dövlət arasında faydalı siyasi kurs götürüləcək. Türkiyə seçkilərinə yaxın münasibət bəsləməyimiz hüquqi əhəmiyyət kəsb etməsə də, Türkiyə üçün, türk xalqı üçün hər hansı bir təsiri varmı?
Əlbəttə, Ərdoğana simpatiyası olanlar var, antipatiyası olanlar da var: “Bir məsələdə narahatlıq keçirirəm. Bəzi hallarda Ərdoğanı dəstəkləyənlər tərəfindən digər namizədlər aşağılanır, təhqir olunur. Anlamalıyıq ki, simpatiya da, antipatiya da olsa belə, biz türk seçicisi deyilik. Türk xalqının seçəcəyi prezidentə biz hörmətlə yanaşmalıyıq. Tənqid olar, təhqir isə yox. Kılıçdaroğlu prezident seçilərsə, onu təhqir edənlər fikirlərində dönüş edəcəklərmi? Ona görə də bu yanaşmanı mən doğru hesab eləmirəm. Türkiyə cəmiyyətində də Azərbaycandakı münasibət, siyasi fəalların reaksiyaları diqqətlə izlənilir. Qırmızı xətti keçməməliyik”.
Cavid Şeydayev