Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza zolağının blokadasını yarmaq üçün təcili tədbirlərin görülməsinin vacibliyini bəyan edib.
“Birtərəfli olsa belə, Qəzza ilə bağlı dərhal hərəkətə keçməyimiz gözlənilir. Qəzza ətrafındakı blokada qırılmalıdır və bu, indi həyata keçirilməlidir. Hamımız bilirik ki, İsrail bu müharibədə humanitar yardımdan silah kimi istifadə edir.” – o, Səudiyyə Ərəbistanında İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında bildirib. Nazirin sözlərini CNN Türk sitat gətirir.
O, “400 mindən çox fələstinlinin hazırda aclıq astanasında olduğunu” vurğulayıb. Onun sözlərinə görə, “mövcud risklər nəzərə alınmaqla, vətəndaş fəallarının və insan haqları təşkilatlarının Qəzzaya daxil olmasına icazə verilməlidir”. “Biz Qəzza xalqını İsrailin və ya hegemon güclərin mərhəmətinə buraxa bilmərik. Müsəlman dünyası bir fəaliyyət planı hazırlamalı, kollektiv və vahid şəkildə hərəkət edərək İsrailə təzyiqi artırmalıyıq”, – o əlavə edib. (Tass)