Ucarda sinif yoldaşının xəsarət yetirdiyi məktəbli əməliyyat olunub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, Ucar rayon sakini çoxsaylı kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə fevralın 4-də Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.
Məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra o, ixtisaslaşmış tibbi yardım alması üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub:
“Pasiyent Xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat edilib. Vəziyyəti stabil qiymətləndirilən vətəndaş fevralın 5-də ambulator müalicə üçün evə buraxılıb”.
Ucar rayonunda məktəbli sinif yoldaşına xəsarət yetirib.
“Report” xəbər verir ki, hadisə rayon Rəstəcə kənd tam orta məktəbində qeydə alınıb.
Mərkəzi Aran Regoinal Təhsil İdarəsinin yaydığı məlumata görə, fevralın 4-ü saat 08:10 radələrində adıçəkilən məktəbin 9-cu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib.
Qeyd olunub ki, xəsarət alan şagird dərhal tibb müəssisəsinə aparılıb və səhhətində problemin olmadığı aşkar edilərək evə buraxılıb.
Məlumata görə, şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, nəticə barədə ictimaiyyətə məlumat veriləcək.