ABŞ Müdafiə Nazirliyi Ukrayna da daxil olmaqla məxfi məlumatların sızması ilə bağlı aparılan təhqiqatla əlaqədar daha bir məmuru vəzifəsindən kənarlaşdırıb. Bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, müdafiə nazirinin müavininin aparat rəhbəri Kolin Kerroll inzibati məzuniyyətə göndərilib. Daha əvvəl nəşr məlumat vermişdi ki, məxfi məlumatların sızması ilə bağlı aparılan təhqiqatla əlaqədar Pentaqonun katibinin aparat rəhbərinin müavini Darin Selnik, eləcə də müdafiə nazirinin müşaviri Den Kolduel xidmətdən kənarlaşdırılıb.
“Politico” qeyd edib ki, hazırda Pentaqon Panama kanalı ilə bağlı hərbi planlar və Qırmızı dənizdə ABŞ-ın daha bir təyyarədaşıyan gəmisinin yerləşdirilməsi, habelə İlon Maskın Pentaqona səfəri və Ukrayna üzrə kəşfiyyat məlumatlarının toplanması ilə bağlı məxfi məlumatların sızmasını araşdırır. (Tass)