Rusiya ilə uzun sürən münaqişə canlı qüvvəni itirdiyindən Ukraynanın hərbi qüvvələri yeni əsgərləri cəlb etmək üçün bir-biri ilə rəqabət aparmağa məcburdur. Bu barədə The Washington Post məlumat yayıb.
Onun sözlərinə görə, Ukraynanın hərbi hissələri “könüllüləri cəlb etmək üçün yeni yollar” axtarmağa məcburdur. Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri öz sıralarını artırmaq üçün müxtəlif reklam kampaniyalarına əl atırlar. Nəşr yazır ki, reklam materiallarını şəhərlərdəki bilbordlarda və sosial şəbəkələrdə görmək olar. Qeyd olunur ki, könüllülərin sayı ilə bağlı rəsmi məlumatlar dərc edilmədiyi üçün “bu səylərin effektivliyini qiymətləndirmək çətindir”.
Eyni zamanda, nəşr yeni hərbi kadrların qəbulu prosesinin asan olmadığını bildirir. Washington Post qeyd edir ki, davam edən münaqişə fonunda “ictimaiyyət hərbi xidmətə çağırış cəhdlərindən ehtiyatlanır”. Qəzet vurğulayır ki, Ukraynanın hər yerindəki hərbi birləşmələr “incəlməkdə olan sıralarını artırmaq üçün bir-biri ilə rəqabət aparır”. (Tass)