Ukrayna hökuməti ölkənin bütün regionlarında mülki şəxslər üçün hərbi təlim mərkəzlərinin açılması haqqında qərar qəbul edib. Bu barədə Vladimir Zelenskinin ofisinin saytında məlumat verilib.
“Vətəndaşları milli müqavimətə hazırlamaq üçün mərkəzlər Ukraynanın hər bir bölgəsində fəaliyyət göstərəcək”, mətndə deyilir. Mərkəzlərin rəisləri hərbi idarələrin tövsiyələri əsasında regional şuralar tərəfindən təyin ediləcək, ərazi müdafiə qüvvələri isə standart təlim proqramını təsdiq edəcək.
Bundan əvvəl Zelenskinin ofis rəhbərinin müavini Pavlo Palisa bəyan etmişdi ki, Ukraynanın bütün vətəndaşları, o cümlədən qadınlar orduda xidmət etməlidirlər, əks halda onlar bir sıra hüquqlardan məhrum olacaqlar.
Son vaxtlar Ukraynada bəzi hərbi qulluqçuların və ya siyasətçilərin müxtəlif verilişlərdə səfərbərliyin təmin edilməsi və ya sərtləşdirilməsi üçün radikal tədbirlər, o cümlədən səfərbərlik yaşının 18 yaşa endirilməsi təklifi ilə bağlı bəyanatlarından sonra müntəzəm olaraq qalmaqallar yaranıb.(Tass)