Ukrayna Ali Məhkəməsi dini səbəblərə görə hərbi xidmətdən imtinanı səfərbərlikdən yayınma adlandırıb. UNIAN agentliyi bu barədə Ali Məhkəmənin dərc etdiyi məhkəmə təcrübəsinin icmalına istinadən məlumat yayıb.
İcmalda deyilir ki, dini etiqad və dini quruma mənsubluq hərbi xidmətə çağırışdan imtina üçün əsas ola bilməz, “çünki bu cür dini etiqadlara malik olan hərbi xidmətə cəlb olunanlar üçün hərbi xidmət zamanı vətəni müdafiə etmək konstitusiya öhdəliyi birbaşa hərbi xidmətə çağırışı nəzərdə tutur”. Xüsusən də əlinə silah götürmək istəməyənlər istehkamların tikintisinə, yüklərin daşınmasına, texnikanın təmirinə və yaralıların çıxarılmasına cəlb oluna bilərlər.
Son vaxtlar, Ukrayna mətbuatının qeyd etdiyi kimi, məhkəmələr hərbi xidmətdən yayınanların işlərinə baxılmasını intensivləşdirib və cəzaları sərtləşdiriblər. Apellyasiya məhkəmələri kütləvi şəkildə qərarlara yenidən baxır və şərti cəzaları real hökmlərlə əvəz edir. İyunun 8-də Kiyevin Obolonski Rayon Məhkəməsi ilk dəfə səfərbərlikdən yayındığına görə təqsirləndirilən şəxsi 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edib. (Tass)