Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev bildirib ki, Azərbaycan tarixinin bütöv bir dövrü Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Ümummilli Liderin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. Bu gün Heydər Əliyev ideyaları əsasında inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Bunun nəticəsidir ki, bu gün Xankəndidə, Xocalıda və işğaldan azad olunan digər ərazilərimizdə üçrəngli Azərbaycan Bayrağı dalğalanır.
Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev bütün dövrlərdə xalqımıza və dövlətçiliyimizə ləyaqətlə, sədaqətlə xidmət edib. Heydər Əliyev həmişə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparıb. Ulu Öndərin dövlətimiz və xalqımız üçün göstərdiyi müstəsna xidmətlər Azərbaycanın dünyada söz və nüfuz sahibi olan ölkəyə çevrilməsində mühüm rol oynayıb.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev söyləyib ki, 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı.
Partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasətçi, Azərbaycan dövlətçiliyini bütün təhlükələrdən qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər müasir tariximizin şərəfli dövrünü əhatə edir.
YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, Vətəninə, xalqına sədaqətlə xidmət etmiş Ulu Öndər Heydər Əliyev Azərbaycanın keçmişini yaşadan və gələcəyini müəyyən edən müdrik dövlət xadimidir. Azərbaycan gənclərinin əsl vətəndaş kimi formalaşmasında Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri vardır.
YAP fəalları Xəyyam Cəfərov və İlahə Kərimova çıxışlarında bu gün Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanın dünyada güclü və nüfuzlu dövlətə çevrildiyini, Prezident İlham Əliyevin ölkəmizə möhtəşəm nailiyyətlər qazandırdığını diqqətə çatdırıblar.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim edilib.