TƏBİB-in tabeliyində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Ümumdünya Uşaq Epilepsiyası Günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Respublika Klinik Xəstəxanasının baş həkimi Sərdar Əsədov bildirib ki: “Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 65 milyon insan – yer kürəsi əhalisinin 1 faizə qədəri epilepsiyadan əziyyət çəkir. Onlardan yalnız 25 faizi adekvat müalicə alır. Müasir dərmanlar 70 faiz xəstələrin ürək tutmalarından tamamilə xilas olmasına imkan verir. Həmin preparatlar səmərəli olmaqla yanaşı, az toksiki təsirə malikdir, əhvali-ruhiyyəyə və psixikaya təsir etmir. Epilepsiya xəstələri təhsil alır, işləyir, ailə qurur, dünyaya sağlam övlad gətirir və tam normal həyat yaşayırlar”.
Xəstəxananın Sinir xəstəlikləri şöbəsinin müdiri Aytən Hüseynova çıxış edərək deyib: “Son 15 ildə Azərbaycanda epilepsiya ilə bağlı problemlərin həlli üçün ciddi işlər görülüb. Epilepsiyanın epidemiologiyası, xəstəliyin nazoloji və semioloji strukturu, onların həyat keyfiyyəti öyrənilib, müxtəlif tədqiqatlar aparılıb. Tədqiqatlarda epilepsiyalar zamanı mövcud olan qeydiyyat sisteminin, diaqnostikanın keyfiyyətinin, müalicənin və sosial yardımın qiymətləndirilməsi aparılıb”.
O bildirib ki, ölkəmizdə epilepsiyadan əziyyət çəkən vətəndaşlara yüksək səviyyədə tibbi yardım göstərilir. “Bunlardan xəstələrin tibbi yardım və birinci səviyyə antiepileptik dərmanlarla dövlət hesabına təmin olunmasını, əlilliyə görə müavinətin ayrılmasını, epilepsiya əleyhinə preparatlarla təchizat, diaqnozun təyinində və differensə olunmuş müalicədə həkim-epileptoloqların konsultasiyalarının təşkili, epilepsiyalı hamilə qadınlarda mümkün ola biləcək ağırlaşmaların vaxtında qarşısının alınması məqsədilə onların daim həkim-epileptoloqun və ginekoloqların ciddi nəzarətdə saxlanmasını misal çəkmək olar”, – deyib.
Tədbirdə digər məruzəçilərin – Ülkər Mürsəlova “Epileptik ensefalopatiyalar”, Nərgiz Əliyeva” Uşaqlarda epilepsiya xəstəliyinin idarə olunması, epileptik status zamanı təcili yardımın göstərilməsi” , Təranə Seyid Məmmədova” Qeyri-epileptik tutmalar”, Azad Məlikov “Epilyasiya xəstəliyinin cərrahi müalicəsi” mövzuları ilə bağlı çıxışları dinlənilib.
Sonda məruzəçilər “Təşəkkürnamə” ilə təltif olunub.