Fevral ayında Qəzza sakinləri üçün humanitar yük daşıyan təxminən 98 yük maşını hər gün Fələstin anklavına gəlib ki, bu da yanvarla müqayisədə 50% azalıb. Bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) hesabatında deyilir.
Agentliyin hesabatında deyilir: “Fevral ayında çox az yardım gəlib, gündə orta hesabla 98 yük maşını Qəzzaya daxil olub, bu, 2024-cü ilin yanvarından 50% azdır”.
Fələstin anklavına yardımın çatdırılmasında çətinliklər təhlükəsizlik məhdudiyyətləri və Rəfah və Kerem Şalom keçidlərinin müvəqqəti bağlanması səbəbindən yaranıb. Agentliyin məlumatına görə, nəzarət-buraxılış məntəqələrində təhlükəsizlik vəziyyəti İsrailin nəzarət-buraxılış məntəqələri ərazilərinə endirdiyi aviazərbələr nəticəsində “bir neçə fələstinli polis əməkdaşının həlak olması” səbəbindən pisləşib.
UNRWA həmçinin bildirib ki, Yaxın Şərqdə 2023-cü il oktyabrın 7-də başlayan münaqişənin şiddətlənməsindən bəri həlak olan agentlik işçilərinin sayı 158-ə çatıb. (Tass)