Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini 2023-cü il oktyabrın 7-də Fələstin HƏMAS-ın İsrailin cənubuna hücumu ilə əlaqəsi olduğu iddia edilən bir neçə agentliyin əməkdaşının işdən çıxarılmasına göstəriş verib. Bu barədə UNRWA rəhbərinin özü agentliyin rəsmi saytında məlumat verib.
Lazzarini deyib ki, İsrail rəsmiləri BMT agentliyinə ötən ilin oktyabrında İsrailin cənubundakı hücumlarda “fərdi personalın iştirakı” barədə məlumat verib. “Agentliyin humanitar yardım göstərmək qabiliyyətini qorumaq üçün mən bu işçilərin müqavilələrini dərhal ləğv etmək və həqiqəti müəyyən etmək üçün araşdırmaya başlamaq qərarına gəldim”, – UNRWA rəhbəri bildirib. O əlavə edib ki, “terror aktlarında iştirak edən istənilən agentlik əməkdaşı cinayət məsuliyyəti də daxil olmaqla, məsuliyyətə cəlb olunacaq”.
Lazzarini HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunu pisləyib və radikalların 2023-cü ilin payızında silahlı basqın zamanı əsir götürdüyü girovları dərhal azad etməyə çağırıb. “BMT-nin dəyərlərinə xəyanət edənlər agentliyin Qəzza zolağında və dünyanın digər bölgələrində xidmət etdiyi şəxslərə də xəyanət etmiş olurlar”, – deyə UNRWA rəhbəri yekunlaşdırıb. (Tass)