12.000-14.000 Qəzza sakini tibbi səbəblərə görə anklavdan təxliyə edilməlidir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 29 fələstinli uşağı müalicə üçün qəbul edən İordaniya hökumətinə təşəkkürünü bildirərkən deyib.
Bu uşaqlar xüsusi müalicə üçün Qəzzadan İordaniyaya aparılıb. “Onların əksəriyyətinin travma, onkoloji və oftalmoloji yardıma ehtiyacı var” deyən Qebreyesus bunun “atəşkəsdən sonra Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə həyata keçirilən İordaniyaya ilk tibbi evakuasiya” olduğunu xatırladıb. “Təxminən 12-14 min insanın hələ də tibbi evakuasiyaya ehtiyacı var. ÜST bütün mümkün marşrutlar üçün daha çox təsdiq tələb etməkdə davam edir”, – baş direktor əlavə edib. Qəzza zolağından tibbi evakuasiya üçün mümkün istiqamətlər arasında o, “Şərqi Qüds də daxil olmaqla İordan çayının Qərb sahilini” adlandırıb.
Qətərin “Əl-Cəzirə” telekanalının daha əvvəl verdiyi məlumata görə , əksəriyyəti İsrailin hava hücumları nəticəsində yaralanan 29 uşaq müalicə üçün İordaniyaya aparılıb. Qeyd olunub ki, krallıq ümumilikdə 2 min fələstinli uşağı qəbul etməyə hazırdır. (Tass)