ABŞ hüquq-mühafizə orqanları Vaşinqton və Oreqon ştatlarında seçki qutularının yandırılması ilə bağlı insidentləri araşdırır. Bu barədə yerli polis bölmələri məlumat yayıb.
Vaşinqton ştatının Vankuver şəhərinin hüquq-mühafizə orqanlarının məlumatına görə, polisə bazar ertəsi şəhərin cənub-şərq hissəsindəki dayanacaqda seçki qutusunun yanması ilə bağlı zəng daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları, sonradan müəyyən edildiyi kimi, basqınçılar tərəfindən seçki qutusunun kənarına bərkidilmiş yandırıcı qurğu aşkar ediblər. Yerli seçki rəsmilərinin sözlərinə görə, yanğın söndürülüb, lakin yüzlərlə bülleten yandırılıb.
Vaşinqtonun dövlət katibi Stiv Hobbs insidentlə bağlı bildirib ki, o, “qanuni və ədalətli seçkini pozmağa yönəlmiş istənilən hədə-qorxu hərəkətini” pisləyir. “İstintaq davam edir, lakin bəzi bülletenlərin zədələndiyinə inanırıq. Əminik ki, Klark Dairəsi Qiymətləndirici Ofisi 2024-cü il ümumi seçkilərdə iştirak etmək üçün bülletenləri zədələnmiş bütün seçicilərin vaxtında yenilərini almasını təmin etmək üçün lazım olan hər şeyi edəcək ” deyə əlavə edib.
Oreqon ştatının Portlend şəhəri polisinin məlumatına görə, şəhərin seçki məntəqələrindən birində baş verən yanğına seçki qutusuna atılan yandırıcı qurğu səbəb olub. Hüquq-mühafizə orqanları hücum edənlərin motivlərini bilməsələr də, onların “qəsdən hərəkətlərinin seçki prosesinə təsir göstərə biləcəyindən” narahatdırlar, Portlend polis rəisinin köməkçisi Amanda McMillan deyib. “Semafor” portalının yerli seçki komissiyasının nümayəndələrinə istinadən verdiyi məlumata görə, avtomatik yanğınsöndürmə sisteminin işə salınması nəticəsində bülletenlərin əksəriyyəti xilas edilib, onlardan yalnız üçü zədələnib.
Portlend polisi Vankuver və Portlenddəki seçki qutularının yandırılması hücumlarının bir-biri ilə əlaqəli ola biləcəyini irəli sürüb. İdarənin saytında cinayətlərlə əlaqəli ola biləcək şübhəli Volvo S60 avtomobilinin fotoşəkilləri dərc edilib. (Tass)