“Landau school”un Azərbaycan dili müəllimi Nuray Vəliyeva AZƏRTAC-a müsahibəsində İKT-nin tədris prosesinə təsirləri barədə danışıb.
– Nuray xanım, informasiya-kommunikasiya texnologiyalarının təhsildə istifadəsində hansı üstünlükləri görürsünüz?
– İKT-nin təhsildə tətbiqi müəllimləri keçmiş tədris metodologiyasından uzaqlaşdıraraq materialları vizuallaşdırmağa, eyni zamanda, əks-əlaqə yaradaraq şagird-müəllim ünsiyyətinin dərəcədə dəyişməsinə səbəb olub. İnformasiya-kommunikasiya texnologiyalarının tədris prosesinə cəlb olunması həm də vaxt itkisinin qarşısını alıb. Müəllim vaxtdan daha səmərəli istifadə edərək təhsilalanlara daha çox vaxt ayırır.
– Bu gün sürətlə inkişaf edən kompüter texnologiyası virtual reallıqdır. Virtual reallıq texnologiyaları şagirdləri fəallaşdırmaq, onları tədris prosesinə daha dərindən cəlb etmək imkanı yaradır. Ümumiyyətlə, virtual reallıq texnologiyalarının tətbiqi Azərbaycanda tədris prosesini dəyişə bilərmi? Əgər belədirsə, bu, necə baş verə bilər?
– Düşünürəm ki, virtual reallıq təhsil sahəsində əhəmiyyətli rol oynayacaq. Şagirdlərin öyrəndiklərini dərketmə prosesini asanlaşdıracaq, eyni zamanda, gerçəkliyi yaşamalarına imkan yaradacaq. Virtual reallıq təhsil sistemində bir çox imkanlar aça bilər, çünki gerçəkliyi, ətraf aləmi təmsil edərək öyrənmə prosesinin eksperimental olaraq həyata keçirilməsinə şərait yaradacaq. Məsələn, tələbələr insan anatomiyası haqqında məlumat əldə etmək üçün VR texnologiyasından istifadə edə bilərlər. Başqa bir nümunə olaraq deyə bilərəm ki, müəllim şagirdlərə insan ürəyinin fəaliyyəti barədə izah vermək istəyir. Virtual reallıq bu prosesin izahını daha dərin şəkildə təhsilalanlara çatdıra bilər.
– Sosial şəbəkələr hazırda gənclər arasında çox populyardır, onların ünsiyyət mədəniyyətini bir çox hallarda formalaşdırır. Sizin fikrinizcə, sosial şəbəkələrdən tədris platforması qismində istifadə səmərəli ola bilərmi?
– Bəli, hazırda bir çox sosial şəbəkələrin aktiv istifadəsi, hətta əsas ünsiyyət vasitəsinə çevrilməsi təəssüf hissi doğurur. Doğrudur, uzaq məsafədə olan insanı yaxında hiss etdirmək, kommunikasiya qurmaq baxımından əlverişlidir, hətta ən optimal variantdır. Amma tədris platforması baxımından istifadəsi özünün mənfi və müsbət cəhətlərini açıq-aşkar göstərəcək. Müəyyən məlumatların operativ şəkildə qəbul edilib ötürülməsini təmin etmək baxımından üstünlüyü danılmazdır. Lakin şagirdlərin yaşlarına uyğunluq baxımından yanaşsaq, azyaşlılar və yeniyetmələrin sosial şəbəkələri tədris platforması kimi qəbul etməsi fərqli olacaq. Qeyd edim ki, məlumatları tam zamanında qəbul etmək, məsələn, ev tapşırığını yerinə yetirmək aspektindən yanaşsaq, şəbəkələrə olan asılılıq daha da artacaq. Yeniyetmələrdə isə yanaşma bir qədər fərqlidir. Onlar üçün sosial şəbəkələr həm informasiya mübadiləsi, həm də ünsiyyət vasitəsidir. Xüsusilə 11-15 yaşlı şagirdlərdə sosial şəbəkələrin tədris platforması kimi istifadəsi onların dərsə fokuslanmasını daha çətinləşdirib, maraq dairələrinin dərsdən yayınmasına səbəb ola bilər. Düşünürəm ki, sosial şəbəkələr tədris platforması kimi uğurlu alınmayacaq və səmərəli olmayacaq.
– Koronavirus pandemiyası distant təhsilin geniş yayılmasına səbəb oldu, onun imkanlarını və təkmilləşmə istiqamətlərini üzə çıxarmağa şərait yaratdı. Həmçinin distant təhsil müəllimlərin tədris prosesindəki rolunun əhəmiyyətini və onların İKT sahəsində hazırlığının vacibliyini göstərdi. Bütün bunlar Azərbaycanda təhsil sisteminə necə təsir etdi?
– COVID-19 pandemiyası məsafədən təhsilin önəmini və əhəmiyyətini nəzərəçarpacaq dərəcədə artırdı. Elm və Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, təhsil müəssisələrində müxtəlif onlayn platformalar üzərindən dərslər təşkil olundu. “MS Teams” platformasından ödənişsiz istifadə imkanı yaradıldı. Həmçinin müxtəlif onlayn platformalar üzərindən təhsilalanlar və təhsilverənlər əlaqə yaratmağa çalışdılar. Bu baxımdan, “Zoom”, “Google meet“, “Google classrom” və digər bu kimi proqramların istifadəsi zəruri olub.
Ümumilikdə götürdükdə, pandemiya insanların həm həyat tərzinə və davranışlarına, həm də iş fəaliyyətlərinə güclü təsir etdi. Onlayn dərslərin təşkili distant təhsil təcrübəsinin tətbiq edilməsi zamanı təhsilverənlərin İKT bacarıqlarının ortaya qoyulması və təkmilləşdirilməsi baxımından, həm də mövcud olan şəraitə uyğunlaşaraq tədris prosesinin davam etməsində ən optimal olub. Təhsilverən (müəllim) və təhsil alan (şagird və ya tələbə) əlaqəsi yüksək texnologiyalar, müasir tətbiqlərdən istifadə etməklə inkişaf edib. Təbii ki, rəqəmsal bacarıqların formalaşdırılması və inkişafı baxımından da pandemiya dövrünü təhsildə xüsusi mərhələ, hətta yeni era adlandırmaq olar.