Bu fikirləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) İstanbulda keçirilən “Xəbər agentliklərinin dezinformasiya ilə mübarizə sahəsində əməkdaşlığı” mövzusunda konfransında çıxışı zamanı ifadə edib.
Konfransın “Dezinformasiya ilə mübarizədə xəbər agentlikləri üçün əməkdaşlıq sahələri” mövzusunda panel iclasında çıxışında dezinformasiyaya və feyk xəbərə müasir dövrümüzdə artan diqqətin sosial medianın və mesencerlərin bumu ilə bağlı olduğunu qeyd edən Vüqar Əliyev bildirib ki, burada mobil texnologiyalar və sosial media tandemi xüsusi qeyd edilməlidir: “Əlbəttə, bu tandem insanların xəbərlərə çıxışını daha da asanlaşdırıb, medianın fəaliyyətini daha çevik edib. Eyni zamanda, insanlar doğru xəbərlərlə yanaşı, feyk xəbərləri də mobil telefonlarında qəbul edir ki, bu da onların yanılmasına, kütləvi hallarda isə daha ağır fəsadlara gətirib çıxarır”. O diqqətə çatdırıb ki, Azərbaycan dezinformasiyaya ən çox məruz qalan ölkələrdən biridir. Xüsusən də Qarabağ müharibəsi dövründə Azərbaycan cəmiyyəti daha çox feyk xəbərlərin təsirinə məruz qalmışdı.
Vüqar Əliyev təklif edib ki, OANA-nın veb-saytında feyk xəbərlərlə bağlı rubrika açılsın və hər bir agentlik üzə çıxartdığı yalan informasiyanı orada yerləşdirsin: “Bu da bizim ictimaiyyətə bir töhfəmiz olar. Sözsüz ki, bu mexanizmlər yalnız media savadlılığına xidmət etməli və manipulyasiya aləti olmamalıdır. OANA feyk xəbərlər və dezinformasiya ilə mübarizədə daha aktiv olmalıdır və bunun üçün onun geniş imkanları var. Təşkilat hər bir ölkənin aparıcı xəbər agentliklərini birləşdirir və buradakı agentliklər doğru xəbər mənbəyi kimi güclü nüfuza malikdirlər. Həmçinin biz media savadlılığının artırılmasına da kömək göstərə bilərik. OANA-nın veb-saytında dezinformasiya, feyk xəbər, manipulyativ informasiya kimi anlayışlar barədə məlumatlar olan bölmə yaratmaq da ümumi işimizə töhfə verər”.
AZƏRTAC-ın İdarə Heyətinin sədri vurğulayıb ki, əməkdaşlıq və təcrübə mübadiləsi hər birimizin maraqlarına xidmət edir. Ona görə də OANA çərçivəsində təcrübə mübadiləsi proqramlarına da yer ayırmaq lazımdır. Vüqar Əliyev bu kontekstdə AZƏRTAC-ın Anadolu və TASS agentlikləri ilə informasiya və kadr mübadiləsi istiqamətindəki əməkdaşlığını nümunə gətirib.